YeloBank müştərisinin evini necə ələ keçirib? - REPORTAJ

Bakı şəhər sakini Səs TV-yə müraciət edərək evinin YeloBank tərəfindən əlindən alındığını bildirib. Şikayətçi qeyd edir ki, bank krediti dollarla verib və dollar bahalaşandan sonra borcun məbləği xeyli artıb və ödəyə bilməyib. Bank isə onun evini müsadirə edib özününküləşdirib. Vətəndaş deyir ki, həmin vaxt dəyəri 120 min manat olan evi bank 45 minə hesablayıb və üstəlik 15 min manat da əlavə pul tələb edir. Məsələ ilə bağlı çəkiliş qrupumuz araşdırma aparıb.
Bakı şəhər sakini Sahibə İsmayılova bildirib ki, 2014-cü ildə Yelobankdan 29 min dollar kredit götürdüm. Həmin dövrdə dolların məzənnəsi 0.78 qəpik idi. Krediti götürdükdən cəmi bir ay sonra dollar qalxmağa başladı. Əlimdə bütün sənədlər və çeklər var.

Dollar qalxdıqca borc da artdı. Mən borcu ödəmək üçün bağ sahəmi satdım, 10 minlik qızıl-zinət əşyalarımı çox ucuz qiymətə, demək olar dəyərindən aşağı satdım ki, bankla problem yaşamayım. İmkanım çatdığı qədər ödəniş etmişəm.

Hazırda bank deyir ki, mənim onlara 70 min manat borcum var. Halbuki mən illərlə ödəmişəm. Evimin ilkin bazar dəyəri o vaxt 120 min manat idi. Bank evi hərrac yolu ilə 45 min manata satıb. Buna baxmayaraq, indi də mənə deyirlər ki, guya 15 min manat borcum qalır.

Mən evimdə humanistlik naminə məcburi köçkün ailə yerləşdirmişdim. Buna baxmayaraq, məndən xəbərsiz evə gedib, qapını boşaldıb, kilidi dəyişdiriblər. Mənə heç bir rəsmi məlumat verilməyib.

Sonradan evi 115 min manata alıcı tapdım. Dedilər ki, 15 mini gətir, qalan məbləğ üçün bir ay möhlət verə bilərik. Mən çətinliklə 15 min manatı tapıb gətirdim, amma bu dəfə də fikirlərini dəyişdilər. Sonradan öyrəndim ki, guya evi başqa birinə söz veriblər və deyirlər ki, artıq satılır, sözdən dönə bilmərik.

Yelobankın mərkəzi ofisinə müraciət etsə də, bank əməkdaşları rəhbərlikdən heç kimlə görüşə imkan verməyib.

Mövzu ilə bağlı bankın mövqeyini də işıqlandırmağa hazırıq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə