Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə davam edib. SİA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hüquq və vəzifələri yenidən izah edilib.
Ramin Şükürovun vəkilləri təqsirləndirilən şəxsin qulaqlarında problem olduğundan prosesi normal dinləyə bilmədiyini qeyd ediblər.
Onlar müvəkkilərinin şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini xahiş ediblər.
Məhkəmə vəsatəti təmin edib və Ramin Şükürov vəkillərinin yanında əyləşdirilib.
Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifov müvəkkilinin tibb məntəqəsində olduğunu və 15 gündür görüşə icazə verilmədiyini bildirib. O, məhkəmədən müvəkkili ilə görüşmək üçün sənəd verilməsini xahiş edib. Məhkəmə sənədin veriləcəyini qeyd edib.
Daha sonra məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama görə, Ramin Şükürov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə cinayət əlaqəsinə girib.
Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Dövlət Xidmətinin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik edilməsi ilə bağlı ondan 30 min manat məbləğində pul vəsaiti alıblar.
Eyni zamanda eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdən 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət qismində alıblar.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilməyib və ittihamları qəbul etməyiblər.
Məhkəmə sübutların siyahısının araşdırılması ilə bağlı dindirmələrin ardıcıllığını müzakirə edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin, daha sonra isə şahidlərin dindirilməsini məhkəməyə təklif edib.
Müdafiəçilər isə müvəkkilərinin iş üzrə təqsirli bilmədiklərini əsas gətirərək şahidlərin dindirilməsindən sonra müttəhimlərin ifadə verməsini istəyiblər.
Vəkil Ceyhun Yusifov bildirib ki, Ramin Şükürova iki nəfərin ifadəsi əsasında ittiham verilib:
"Digər təqsirləndirilən şəxslərin ifadəsi əsasında ittiham irəli sürülüb və lakin həmin şəxslərlə istintaqda üzləşmə olmayıb. Həmçinin şahidlər də ifadə verməyiblər. Həmin şəxslər məhkəmədə ifadə versin, daha sonra müvəkkilim dindirilər".
Ramin Şükürovun digər vəkili Abbas Atakişiyev qeyd edib ki, bu işdə rüşvət verən tərəf, rəy verən həkim komissiyaları məsuliyyətdən kənar qalıb:
"Rüşvət müqabilində işi həll edən həmin insanlar məhkəmədə gəlib birinci ifadə versinlər".
Onun digər vəkili Muxtar Mustafayev isə qeyd edib ki, məhkəmə bu işə baxmaqdan imtina edib geri qaytarmalıdır:
"Rüşvət verən, rəylərə qol çəkən həkim komissiyaları da bu işə cəlb edilməlidir".
Məhkəmə müdafiə tərəfinin təklifi ilə razılaşıb. Qeyd olunub ki, iş üzrə 10 şahid var, lakin heç biri bu gün məhkəmə iclasında iştirak etmir.
Bu səbəbdən məhkəmə prosesi sentyabrın 1-nə qədər təxirə salınıb.
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürov barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimov haqqında isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə