"Araz" SES yaxınlığında meyit aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda yerləşən “Araz" Su Elektrik Stansiyası yaxınlığında meyit aşkar edilib. SİA-nın məlumatına görə, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri, 1967-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Suvarov Şahsuvar Qasım oğlunun “Araz Su Elektrik Stansiyası” yaxınlığında meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilasediciləri cəlb ediliblər. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən sonuncunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə