Yaşıllıqların qanunsuz kəsilməsinə görə təbiətə 68 min manatdan çox ziyan dəyib
Bakı, Sumqayıt şəhəri, Lənkəran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb. Bu barədə SİA-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri Nərimanov rayonu Şəmsi Rəhimov küçəsində, Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Bulvar küçəsində, Lənkəran rayonu Sinovlu kəndi və Xaçmaz rayonu Çiləgir kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 68 490 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə