Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallının Ərkivan qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücü və sərnişinləri - Ərkivan qəsəbəsinin sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə