Bakıda marşrut avtobusu maneəyə çırpılıb - YENİLƏNİB

Bakıda marşrut avtobusunun maneəyə çırpılması texniki nasazlıq səbəbindən baş verib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə