Abşeron rayonunun Məhəmmədli kəndi, Mustafa Kamal Atatürk küçəsi, Neft ərazisindəki antisanitar vəziyyətlə bağlı yaxın keçmişdə aidiyyatı qurumlar əraziyə baxış keçirib və müəyyən təmizlik işləri aparıblar. Sakinlərə isə növbəti gün yenidən gələrək təmizliyə davam edəcəklərini bildiriblər. Lakin həmin vəd yerinə yetirilməyib. Əraziyə nə təmizlik briqadası qayıdıb, nə də ehtiyac olan zibil qurtuları qoyulub. Nəticədə küçə yenidən əvvəlki çirkliliyə qayıdıb və məişət tullantıları ətrafı bürüyüb. SİA mövzu ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, sözügedən ərazi Məmmədli icra nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən mütəmadi olaraq təmizlənilir: “Üstəlik ərazidə yaşayan sakinlərlə dəfələrlə maarifləndirici söhbətlər aparılmasına baxmayaraq məişət tullantıları üçün nəzərdə tutulmayan yerlərin çirkləndirilməsi davam edib. Hazırda sözügedən əraziya texnika və canlı qüvvə cəlb edilərək təmizlik işləri aparılır.
Sizin vasitənizlə bir daha sakinlərə müraciət edərək onları məişət tullantıları üçün nəzərdə tutulmayan yerləri çirkləndirməməyə və kəndimizin, ətraf mühitin təmizliyini qorumağa çağırırıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə