Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Kürdəmir, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, əkin və məhsul subsidiyaları ödənişi, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, suvarma suyu ilə təminat, təsərrüfatlara dəymiş zərərə görə sığorta ödənişləri və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Kürdəmir DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.
M.Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə