Şübhəli bilinən 68 nəfər saxlanılıb

Fevralın 12-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Həmçinin, fevralın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 6,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 10 qumbara, 3 alışdırıcı, 21 tüfəng, 10 patron darağı və 3 min 497 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə