Hospitalın mühafizəçisinin həbsi tələb olunub

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb. SİA xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Ağadadaş Ağayevin nümayəndəsi, vəkil Asim Abbasov vəsatətlə çıxış edərək təqsirləndirilən Nurəddin Cəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib:

"Nurəddin Cəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb və hazırda məhkumluğu ödənilməyib. İş üzrə olan şahidlərlə eyni müəssisədə çalışır və onlara təsir qüvvəsi var".

Məhkəmə müşavirəyə gedərək vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 25-ə təyin edilib.

Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə