Binəqədidə səsvermə qanunvericiliyə uyğun keçirilir

Aprelin 11-də səhər saat 08:00-dan etibarən 8 saylı Binəqədi birinci seçki dairəsinin dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.

SİA-nın məlumatına görə, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev bildirib ki, dairənin əhatə etdiyi 39 daimi və bir müvəqqəti seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib. Bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Bundan başqa, 8 məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Seçicilər axın-axın məntəqələrə gəlir, azad və sərbəst surətdə istədikləri namizədə səs verirlər.

Seçkiləri müşahidə etmək üçün müxtəlif siyasi partiya və təşkilatlardan 469 nəfər qeydiyyatdan keçib.

Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib.

Dairənin əhatə etdiyi seçki məntəqələrində indiyədək heç bir qanun pozuntusu baş verməyib. Yerli və beynəlxalq müşahidəçilər səsverməni izləyirlər.

8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də vardır. Onlar müstəqil respublikamızın işıqlı gələcəyinə ilk dəfə səs vermələrindən qürur hissi duyduqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə