Oğuzluların seçimi İlham Əliyevdir!

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Bayan kənd seçicilərilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin və rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Cənab İlham Əliyev intellekti, istedadı və şəxsiyyəti bütöv vəhdət təşkil edən Liderdir. İntellektlə istedadın, elmlə istehsalatın, ənənə ilə novatorluğun üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bu günü və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar Cənab İlham Əliyevi hər kəsə sevdirən keyfiyyətlərdir. Saleh Məhərrəmov qeyd edib ki, partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri, onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd Cənab İlham Əliyevə səs verəcək.

Təbliğat qrupunun üzvləri Rəşid Nurməmmədov və Ehsan Əhmədov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan Cənab İlham Əliyevin Prezidentiyi dövründə müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsindən, ölkədə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən və infrastruktur layihələrindən söz açıblar. Çıxış edənlər seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə, seçicilər adından İlham Azaxov, Habil Lətifov və Azər Nəcməddinov çıxış edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsinin qürurverici hiss olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən məqsədyönlü siyasət əminliklə deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir! Azərbaycan xalqı Cənab İlham Əliyevə inanır, Onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə