Pirallahı rayonunda “İlhamla irəli” şüarı ilə möhtəşəm zirvə görüşü keçirilib FOTOLAR - VİDEO

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə Zirvə görüşü keçirib. Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev və Vahid Quliyev iştirak ediblər.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək, Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətinin inkişafı üçün həyata keçirdiyi uğurlu siyasətdən, həmçinin rayonda gedən abadlıq-quruculuq işlərindən, pirallahılıların seçkilərdə Cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.

Çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva xalqımızın bu seçkilərdə də Cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhənin olmadığını bildirib. “Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb”, - deyə qeyd edən millət vəkili pirallahılıları seçki günü fəal olmağa və Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov bildirib ki, Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. “15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib”-deyə vurğulayan Ə.Muradov Azərbaycanın daha uğurlu gələcəyi naminə İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər qarşısında çıxış edən Milli Qəhrəmanlarımız Bəxtiyar Allahverdiyev və Vahid Quliyev Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə edilən uğurlardan danışıblar və əmin olduqlarını bildiriblər ki, “İlhamla irəli” şüarı ilə seçkilərə gedəcək pirallahılı seçiciləri artıq öz seçimlərini ediblər və bu seçim İlham Əliyevdir!
Beləliklə, Zirvə görüşündə həmçinin vurğulanıb ki, Pirallahı sakinləri həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz Cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.

Rəsmi hissədən sonra, seçicilərə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə