Məktəbəqədər təhsil önəmlidirmi? - EKSPERTLƏR DANIŞDI

"Azərbaycanda çox gözəl bir layihəyə artıq bir neçə ildir ki, start verilib. Bu məktəbəqədər hazırlıq qruplarının yaradılması prosesidir. Bu proqram artıq bir neçə ildir ki, fəaliyyətdədir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda cənab Prezidentin fərmanı ilə də bağçalar, yəni məktəbəqədər təhsil sistemi Təhsil Nazirliyinin tabeliyinə verildi: “Ümumilikdə isə 1-ci sinifə qədər uşaqların təhsilə cəlb olunması prosesi xeyli genişləndirilib. Əlbəttə ki, bu tip bağçalar daha çox paytaxt, Gəncə, Sumqayıt kimi şəhərlərdə fəaliyyət göstərir. Amma təbii ki, bağçaların rayon və qəsəbələrdə artırılması gələcək üçün gözləniləndir və məqsədəuyğun bir prosesdir. Qeyd etdiyim kimi Təhsil Nazirliyinin məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir və uşaqları bir növ 1-ci sinfə hazırlayır. Bunun sayəsində uşaqlar məktəbə ilk qədəmlərini atırlar. Buna görə də bu hazırlıq qruplarının yaradılması uşaqların yüklənməsi kimi qəbul edilməməlidir. Bu proqram müxtəlif aspektlər üzrə müxtəlif mütəxəssislər tərəfindən hazırlanıb. Ona görə də düşünürəm ki, burada uşaqlarla bağlı hər bir nüansa diqqətlə yanaşılıb. Proqram bir neçə ildir fəaliyyətə başlayıb və gedişatda heç bir problem yoxdur. Hər şey normal qaydada irəliləyir. Hazırlıq qruplarında həftənin sadəcə bir neçə günü 2-3 saat olmaqla uşaqlar hazırlaşdırılır. Buna görə də uşaqların əlavə olaraq yaşlarına görə yüklənmə halları da baş vermir. Əksinə uşaqlar həm öyrənirlər, həm sosiallaşırlar, həm də oyun oynayırlar. Eyni zamanda məktəbdə müəllimlə, digər uşaqlarla da davranış qaydalarına yiyələnirlər. Buna görə də əslində məktəbəqədər təhsilin önəmi böyükdür”.

Məsələ ilə bağlı psixoloq rəyini də öyrəndik.

"Uşaqların məktəbəqədər təhsildə 1-ci sinfə hazırlıq mərhələsi əslində uşaqların idrak təfəkkürünə deyil, təfəkkür prosesinə uyğun formada təşkil olunub". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırlıq mərhələsində uşaqların öyrənmə qabiliyyəti, aparıcı oyun fəaliyyətləri və s. inkişaf etdirilir: ”Bu dönəm uşaqların təlim fəaliyyətinə keçid dönəmini təşkil edir. Uşaqların marağını təhsilə yönəltmək üçün məktəbəqədər hazırlıq proqramı ən ideal vasitədir. Eyni zamanda uşaqlar qrup şəklində öyrənmək, birgə işləmək bacarıqlarına da yiələnirlər. Lakin bu dönəmdə hər uşağa individual olaraq yanaşmaq lazımdır. Çünki hər uşağın zehni inkişafı eyni formada irəliləmir. Buna görə də hər uşaqla tələsmədən, xüsusi olaraq işləmək məqsədəuyğundur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə