Qəzalı məktəblərdə dərs keçmək nə dərəcədə düzgündür? - ŞƏRH EDİLDİ

"İlk növbədə qeyd edim ki, hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox dövlət proqramları və layihələr həyata keçirilir. Son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəblər inşa edilir, yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, məktəb tikintisi son 20 ildən artıqdır ki, ölkədə prioritet olaraq qalmaqdadır: "Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılmışdır. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılmışdır".

Kamran Əsədov sözlərinə belə davam edib: "Dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Belə ki, fondun təhsil sahəsində gördüyü işlər sırasında reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu proses yalnız paytaxtı deyil, bölgələri də əhatə edib.
Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir".

"Xatırladım ki, hal hazırda ölkəmizdə 4472 orta məktəb binası var və son 10 il ərzində onların 3 mindən çoxu təmir olunub. Amma buna baxmayaraq hal hazırda normal təhsil mühitinin və şəraitinin olmadığı, qəzalı vəziyyətdə olan məktəblər var. Misal üçün 2017-2020-ci ildə ölkəmizdə 700 dən çox yeni məktəb tikilmiş, 44 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Amma bu məktəblərin hamısı regionlarda yerləşir və az saylı şagird tutumuna malikdir. Ona görə də böyük vəsait sərf edib yeni, böyük məktəb binası inşa etməkdənsə, modul tipli məktəblər inşa etməklə bu problemi həll etmək olar. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur".

"Düşünürəm ki, 2022-ci ilin qədər ölkədə qəzalı vəziyyətdə olan məktəbləri modul tipli məktəblərlə əvəz etməklə təhsilin inkişafına təkan vermək olar. Hal hazırda ölkədə yüzlərlə qəzalı vəziyyətdə, hər an ucub, dağılıb ciddi fəsadlar törədə biləcək məktəb binaları var. Ölkənin iqtisadi gücü bütün məktəb binalarını müasir standartlara cavab verəcək səviyyədə təmin etməyə imkan verir.
Aparılan islahatlar təhsilin bütün sahələrini əhatə etdiyi kimi, yeni məktəblərin tikintisinə, yeni avadanlıqla təchiz edilməsinə, qəzalı məktəblərin bərpasına və köhnələrin təmirinə də əsaslı şəkildə geniş imkanlar yaratmışdır. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin etmiş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlamışdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə