“Azərbaycan ABŞ ilə yüksək texnologiyalar sahəsində strateji tərəfdaşlığını gücləndirir” - Vüqar Bayramov
“Azərbaycan bu həftə regionun ən böyük enerji tədbirlərindən birinə ev sahibliyi etdi. Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyev ölkənin enerji və iqtisadi inkişafı ilə bağlı mühüm strateji istiqamətləri diqqətə çatdırdı”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə keçirilən Azərbaycan-ABŞ iqtisadi dialoqu iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirib. Onun sözlərinə görə, 7,5 milyard dollar dəyərində imzalanan müqavilələr enerji əməkdaşlığının yüksək texnologiyalar və süni intellekt sahələrini də əhatə etdiyini göstərir.
Vüqar Bayramov qeyd edib ki, cari ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296 milyon dollara yüksəlib.
Deputat vurğulayıb ki, əldə olunan razılaşmalar ölkədə süni intellekt və rəqəmsal texnologiyaların inkişafı üçün yeni imkanlar yaradır: “Süni intellekt üzrə əməkdaşlıq və texnologiya transferi Azərbaycanın rəqəmsal transformasiyasına ciddi töhfə verəcək”.
Onun sözlərinə görə, qlobal rəqəmsal iqtisadiyyatın sürətlə böyüdüyü bir dövrdə Azərbaycanın bu sahədə regional mərkəzə çevrilmək potensialı mövcuddur.
Vüqar Bayramov əlavə edib ki, ölkədə Davos Forumunun regional 4-cü Sənaye İnqilabı Mərkəzinin fəaliyyət göstərməsi və rəqəmsallaşmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi bu məqsədə xidmət edir.
Deputat bildirib ki, hazırda informasiya-kommunikasiya texnologiyaları sektoru qeyri-neft ümumi daxili məhsulunun 2,8 faizini təşkil edir və yeni əməkdaşlıq imkanları bu göstəricinin daha da artmasına şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB