Azərbaycan təhsili üçün hökumət tərəfindən böyük işlər görülür - ŞƏRH EDİLDİ

"İlk növbədə qeyd edim ki, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti son illərdə çox böyük işlər görüb. Xüsusən əmək haqqlarının artırılması, eyni zamanda yeni məktəblərin tikilməsi, normal şəraitin qurulması istiqamətində çox böyük işlər görülüb və bugün Azərbaycan təhsili üçün hökumət tərəfindən böyük işlər görülür. Onların da bir hissəsi kimi 2022-ci il yanvarın 1-dən müəllimlərin əmək haqqlarının 20 faiz artırılması idi". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, son 5 il ərzində müəllimlərin əmək haqqında ciddi şəkildə artım müşahidə olunub və bu da tədrisin keyfiyyətinə öz təsirini göstərir: "Belə ki, son illərdə Azərbaycan şagirdləri beynəlxalq olimpiadalarda, yarışlarda və müsabiqələrdə böyük uğurlar əldə edirlər. Hesab edirəm ki, daha da ciddi islahatların həyata keçirilməsi mümkündür. Yəni, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hal-hazırda mövcud qaydalara görə müəllimlərin bir stavka dərs saatı 18 saatdır. Hesab edirəm ki, müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, əlavə müəllimlərin sistemə qəbul edilməsi və gənclərin işlə təmin olunması üçün müəllimlərin dərs yükü bir stavka 18 yox, 12 saata salınmalıdır".

Kamran Əsədov sözlərinə belə davam edib: "İkinci bir addım biz müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün onları vergi yükündən azad etməliyik. Yəni, müəllimlər hal-hazırda vergi ödəyirlər. aldıqları əməkhaqqından müəyyən bir qismini vergi qismində onlardan tutulur. Hesab edirəm ki, təhsil sahəsində çalışan müəllimlərin vergilərdən azad edilməsinə ehtiyac var. Yəni, aldıqları əməkhaqqları onları tam olaraq qane etməsi üçün düşünürəm ki, vergi azaldılmalıdır. Digər tərəfdən biz müəllimləri kommunal xərclərdən azad etsək daha effektiv olar, yəni, onlar aldıqları əmək haqqlarını özlərinə sərf etmiş olarlar. Bu əməkhaqqı artımı tədrisin keyfiyyətinə də öz müsbət təsirini göstərəcək. Yəni, 18 il stajı olan ali təhsilli 18 saat dərs deyən müəllim ona 700 manatdan çox əməkhaqqı yazılacaq. Bu kifayət qədər ciddi bir rəqəmdir".

"Etiraf edək ki, bölgələrdə müəllimlərin dərs saatları kifayət qədər yaxşıdır. Yəni, biz dağlıq ərazilərdə, eyni zamanda rayonlarda bilirik ki, müəllimlərin 36 saat dərsi var və həmin müəllimlər 1500 manata yaxın əməkhaqqı alacaqlar. Eyni zamanda Bakı şəhərində müəllimlər bu artımdan sonra ortalama 700-800 manat əməkhaqqı ala biləcəklər. Bu kifayət qədər yaxşıdır. Nəzərə alsaq ki, Azərbaycanda müəllimlər günün bütün saatlarını yox, yalnız dərsləri olduğu müddətdə məktəbdə olurlar və əlavə kifayət qədər də gəlir əldə etmək imkanları var. Ölkə Prezidenti tərəfindən artırılan əməkhaqqı müəllimlərin sosial vəziyyətinin ciddi şəkildə yaxşılaşdırılmasına gətirib çıxaracaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə