Təhsildə baş verən ciddi problemlər EKSPERTDƏN SƏRT REAKSİYA

“Təhsilin bir neçə pilləsində mövcud çatışmazlıqlar və problemlər var. Bunlar gələcəkdə öz mənfi təsirini birmənalı şəkildə göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, təhsili müəyyən hissələrə bölsək, birinci qrupa məktəbəqədər təhsil, yəni uşaq bağçaları və körpələr evi daxildir: “Uşaq bağçaları və körpələr evinin Təhsil Nazirliyinə tabe olmaması və bura qəbulun mərkəzləşdirilmiş sistemdə aparılmaması ciddi şəkildə problemlərə səbəb olur. Hesab edirəm ki, uşaq bağçaları və körpələr evinə qəbul elektron qaydada olmalıdır. Eyni zamanda, bura müəyyən qədər ibtidai sinfin tədris proqramını da daxil etmək lazımdır ki, uşaqlar 1-ci sinfə gedəndə informasiya yükündən az da olsa azad olsunlar”.

Ekspert sözlərinə belə davam edib: “Hal-hazırda ikinci problem bir ildən çoxdur ki, ölkədə pandemiyanın olmasıdır. Nəticədə, təhsil ənənəvi şəkildə deyil. Bununla da, şagirlərin bilik və bacarıqları inkişaf etmir. Bu hal xüsusilə ibtidai siniflərə aiddir. İbtidai sinif şagirdlərinin zəruri bilik əldə etməsində ciddi problemlər var. Şagirdlərin birinci sinifdə öyrənməli olduğu biliklər, pandemiya səbəbindən formalaşmayıb və proqramdan geri qalmalar baş verib. Ona görə də, yay aylarında mütləq şəkildə diaqnostik testlər olmalı və şagirdlərin hansı mövzudan zəif olduğu müəyyənləşdirilməlidir. Bu mövzular onlara yenidən tədris edilməlidir”.

Kamran Əsədov qeyd edib ki, digər problem ali təhsil müəssilərinə qəbul imtahanlarının vaxtının məlum olmaması və elektron ərizə qəbulunun başlanmamasıdır: “Doğrudur, 15-30 aprel aralığında cari ilin məzunlarının buraxılış imtahanı oldu. Lakin, əvvəlki məzunlar üçün olacaq imtahan hələ baş tutmayıb. Eyni zamanda, ali təhsil müəssisələrinə elektron ərizə qəbulu ən gec indi baş verir. Bu da şagirdlərdə müəyyən qədər psixoloji problemlər yaradır. Çünki, həmin şagirdlər keçən il də imtahan verməkdə çətinlik çəkiblər. Hesab edirəm ki, elektron ərizə qəbulu birmənalı şəkildə tezliklə başladılmalıdır. İmtahanların vaxtı və təşkil olunması forması barədə şagirdlər məlumatlanmalıdır. Həmçinin, bu problemlər ali təhsil müəssisələrində də özünü göstərir. Semestr və dövlət imtahanı ilə bağlı vahid qaydalar yoxdur. Nazirlər Kabineti mütləq ali təhsil müəssisələrinin imtahan sessiyaları ilə bağlı vahid çərçivə qanunu qəbul etməlidir. Çünki, hər bir ali təhsil müəssisəsi fərdi qaydada imtahanlarla bağlı qərar qəbul etsə, tələbələr arasında müəyyən narazılıqlar olacaq. Həmçinin, ali təhsil müəssisələrində dövlət imtahanı ilə bağlı da problem var. Belə ki, bəzi universitetlər dövlət imtahanı etməyəcəyi halda, bəziləri bu imtahanı keçirəcək. Buna görə də, vahid qanun şərtdir”

Ekspert son olaraq da qeyd edib ki, digər problem müəllimlərin işə qəbulu və iş yerlərinin dəyişməsi ilə bağlıdır: “Vakant yerlər mütləq şəffaf şəkildə olmalıdır. Çünki, bir çox hallarda məktəb direktorları və rayon təhsil şöbələri vakant yerləri gizlədirlər və yaxud da əsassız müdaxilələr baş verir. Bu problemin həlli Azərbaycanda iş yerlərinin artmasına müsbət təsir göstərəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə