Saxta dərsliklərlə necə mübarizə aparmalı?

Saxta dərsliklərlə necə mübarizə aparmalı?

"Bu il I və V sininflərdə dərsliklər və iş dəftərləri yeni kurikulum əsasında hazırlanıb. Lakin bəzi satış yerlərində ötənilki iş dəftərlərinin üz qabığı dəyişilərək yenidən satışa çıxarılıb. Bu isə təmamilə bütün tədris prosesini korlayır". Bunu SİA-ya açıqlamasında "Bakı" nəşriyyatının icraçı direktoru Zaur İsayev deyib. Onun sözlərinə görə, hətta bəzi məktəblərdə dələduzlar bu pirat kitabları birbaşa özləri gətirib satırlar.

Binəqədi rayon 143 saylı orta məktəbdə belə halın olduğunu deyən Z.İsayev vurğulayıb ki, artıq məsələ ilə bağlı müvafiq məktəblərə müraciətlər ünvanlanıb: "Belə saxta mallar həm uşaqların sağlamlığına ziyandır, həm də onların məzmununda təhrif olunmalar var. Ötənilki iş dəftəri ilə builki dərsliklərlə düz gəlmir. Keçən il iş dəftərləri stikerlə hazırlamışdıq, amma bu il istifadə olunmayıb. Orijinal nüsxələrdə stikerlər olmadığı halda, saxta nüsxələrdə stikerlər var. Bununla yanaşı, saxta vəsaitlər keyfiyyətsizdir, onların üz qabığı ilə içi uyğun gəlmir. Azərbaycanda orta məktəbin 1, 2, 3 və 4-cü sinifləri üçün informatika fənni üzrə iş dəftərlərinin saxta nüsxələri satılır. Kitab ticarəti məntəqələrində saxta iş dəftərlərinə rast gəlmək olar".

Nəşriyyatın icraçı direktoru qeyd edib ki, 2012-ci ildə nəşr olunmuş iş dəftərlərinin məzmununda dəyişikliklər və təkmilləşdirmələr var. Onun sözlərinə görə, saxtalaşdırılmış iş dəftərlərinin yalnız nəşr olunduğu tarix və üz qabığı dəyişdirilib, məzmunu isə ötənilki kimi qalıb: "Bu da təhsildə müəyyən problemlər yaradır. Builki dərsliklərin məzmununa uyğun şəkilləri təzələmişik. Ancaq bəzi məktəblərdə keçən ilki iş dəftərlərindən istifadə olunur. Bununla bağlı 143, 99, Binəqədi rayonun digər məktəb direktorlarına da müraciət etdik ki, təcili olaraq onları geri qaytarsınlar".

Onun sözlərinə görə, əslində bununla bağlı hər il olduğu kimi bu il də müvafiq dövlət qurumlarına müraciət olunub. Mütəmadi olaraq Daxili İşlər Nazirliyinin Mütəşəkkiliyə qarşı mübarizə İdarəsi tərəfindən məlumatlar verilir, reydlər keçirilir. Bu faktlarla əlaqədar Daxili İşlər Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və məktəblərə müraciət edəcəklərini deyən Z.İsayev valideyn və müəllimləri də diqqətli olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə