ChatGPT bilik mənbəyi, yoxsa asan yol ? - EKSPERT DANIŞDI

"Əslində, ChatGPT proqramları düzgün istifadə olunduğu təqdirdə olduqca səmərəli vasitədir. Çünki bu proqramlar süni intellektin bir hissəsi hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, gələcəkdə süni intellekt daha da formalaşdıqca, əgər düzgün istiqamətləndirilməzsə, eyni zamanda ciddi problemlərə də yol aça bilər: "Bu isə xüsusilə tələbə və şagirdlərdə tənbəlliyin formalaşmasına səbəb ola bilər.

Bu vəziyyət digər sosial platformalarla eynidir. Məsələn, YouTube həm səmərəli, həm də səmərəsiz ola bilər. Əgər şagird vaxtını lazımsız videolara sərf edərsə, bu platforma onun üçün faydasız olacaq. Amma əgər YouTube-dan dil biliklərini artırmaq, elmi məlumatlar əldə etmək və ya müəllimlərin hazırladığı tədris xarakterli qısa videodərslərə baxmaq üçün istifadə edərsə, bu, tam əksinə, onun inkişafına xidmət edəcək.

Eyni prinsip ChatGPT üçün də keçərlidir. Əgər bu proqram düzgün istiqamətləndirilərsə və məqsəd düzgün məlumat əldə etmək olarsa, faydalı nəticə verəcək. Amma şagird tapşırığın hazır həllini götürüb, öz düşüncə qabiliyyətindən istifadə etmədən onu müəllimə təqdim edərsə, bu cür yanaşma şagirdin düşünmə qabiliyyətini zəiflədir, beynin kütləşməsinə və savadsızlığın artmasına gətirib çıxarır.

Məhz buna görə də bu məsələdə valideynlərin rolu xüsusilə vacibdir. Valideynlər övladlarının ChatGPT və digər süni intellekt proqramlarından necə istifadə etdiklərinə diqqət yetirməlidirlər. Eyni zamanda müəllimlər də şagirdlərin təqdim etdikləri tapşırıqların həqiqətən özlərinə aid olub-olmadığını yoxlamalıdırlar. Məsələn, şagirdin verdiyi yazılı cavablarla onun şifahi cavabları müqayisə edilə bilər. Əgər uyğunluq varsa, bu, şagirdin tapşırığı özü yerinə yetirdiyini göstərir. Hesab edirəm ki, bu istiqamətdə müəllimlər və valideynlər birgə nəzarət mexanizmi formalaşdırmalıdırlar. ChatGPT-dən istifadə edərək köçürmə hallarının qarşısının alınması təhsilin keyfiyyətinin qorunması baxımından daha düzgün və məqsədəuyğun olardı".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə