ADPU ilə Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Yunus Əmrə İnstitutunun nümayəndələri ilə görüş keçirilib.

Bu barədə SİA ADPU-dan məlumat verilib. Bildirilib ki, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə təşkil olunan görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Türkoloji Mərkəzin direktoru Şəkər Məmmədova, eləcə də Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, mədəniyyət işləri üzrə aparıcı mütəxəssisi Aygün Ələkbərzadə və müəllimi Hüseyn Musayev iştirak ediblər.

Görüş zamanı institutla əməkdaşlıq istiqamətlərinə uyğun olaraq türkologiyanın aktual problemlərinə dair beynəlxalq simpoziumlar və dəyirmi masaların təşkili, kitabxana mübadiləsi - Türkoloji Mərkəzin kitabxana fondunun Türkiyədə nəşr olunan yeni elmi ədəbiyyatlarla zənginləşdirilməsi, Türk dünyasının ortaq dəyərlərini əks etdirən fotosərgilər, xəttatlıq sənəti nümunələri və sənədli film günlərinin keçirilməsi, ortaq elmi jurnalın təsisi və Yunus Əmrə İnstitutunun təcrübəsi əsasında ADPU tələbələri üçün türk dili və ədəbiyyatı üzrə dəvətli mühazirəçilərin cəlb olunması kimi mövzularda müzakirələr aparılıb.

Qeyd olunub ki, bu təşəbbüslər türkoloji elmin inkişafına, gənc tədqiqatçıların və tələbələrin bilik və bacarıqlarının artırılmasına, habelə Azərbaycan–Türkiyə mədəni və elmi əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Görüşdə tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı niyyətlərini ifadə edib, bu çərçivədə əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı ilkin razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə