AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.

Rəyasət Heyətinin iclasında ilk olaraq akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri” mövzusunda məruzəsi dinlənilib. Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması haqqında məsələ müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib.

İclasda, AMEA-nın elmi müəssisə və təşkilatlarının “Elektron xidmətlər” şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilir. Dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb. AMEA-nın Rəyasət Heyətinin aparatında 2023-cü ilin yanvar ayında “Elektron Akademiya” şöbəsinin yaradıldığını deyən akademik İsa Həbibbəyli ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atıldığını bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində ötən ilin sentyabrında Elektron Akademiya şöbəsinin adı Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi olaraq dəyişdirilib və bundan irəli gələrək elmi müəssisələrdəki müvafiq şöbələrdə də dəyişiklik zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın elmi-tədqiqat müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt, regionlarda yerləşən elmi bölmə və mərkəzlərdə isə Rəqəmsallaşma və süni intellekt şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

Həmçinin iclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Elmi-Metodiki Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA əməkdaşlarının Naxçıvan Bölməsinə, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Ofelya Zöhrablı Gəncə Bölməsinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri Şəki Regional Elmi Mərkəzinə ezamiyyətlərinin nəticələri haqqında məlumat veriblər.

Daha sonra bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya elmləri doktoru İsmayıl Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərov Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Lalə Qurbanova Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov həmin mərkəzin Tarix və epiqrafika şöbəsinin müdiri və Elşən Abdurahmanov həmin mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq ediliblər.

İclasda, həmçinin akademik İsmayıl Hacıyevin 75, akademik Əbdülvahab Salamzadənin 110, akademik Səməd Vurğun Vəkilovun 120, AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun 100 və AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 90 illiyi haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professorlar Zemfira Hacıyeva, Nadir Məmmədli, Məsud Mahmudov, filologiya elmləri doktorları Hikmət Quliyev, Mayıl Əsgərov, texnika elmləri doktoru Hüseyn Hüseynov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək qeyd olunan məsələlər ətrafında fikir və təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə