Qrup imtahanları əvəzinə ixtisas imtahanlarının keçirilməsi tələbələrə nə qazandıra bilər ? - EKSPERT AÇIQLADI

Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları uzun illərdir ki, qruplar üzrə keçirilir. Lakin təhsil ekspertləri hesab edir ki, bu model gənclərin istədikləri ixtisaslara qəbulunu çətinləşdirir. Dünyada bu cür qrup modeli demək olar ki, yoxdur. Bəs, belə dəyişiklik texniki və praktik olaraq mümkündürmü? Qrup imtahanları əvəzinə ixtisas imtahanlarının keçirilməsi tələbələrə nə qazandıracaq? Bəs, ixtisaslar üzrə ayrı-ayrı imtahan keçirmək texniki cəhətdən nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi yarandığı gündən bu günə qədər qəbul imtahanlarını ixtisaslar üzrə deyil, qruplar üzrə həyata keçirir:

"Məhz bunun nəticəsidir ki, Azərbaycanda həkim olmaq istəyən şəxs kimya–biologiya üzrə deyil, sadəcə bir qrup üzrə hazırlaşmış olur. Hüquqşünas olmaq istəyən isə tarixçi, filoloq və ya jurnalist ixtisasına yönəlir. Demək istədiyim odur ki, qruplar üzrə seçilmiş ixtisaslarda keçid balını toplaya bilməyən şəxslər həmin qrup daxilində olan digər ixtisasları seçməyə məcbur qalırlar. Bu isə gələcəkdə onların həmin peşəyə münasibətinin bir göstəricisinə çevrilir. Belə insanlar əmək bazarında özlərini lazımi səviyyədə sübut edə bilmirlər. Çünki onların hədəflədiyi ixtisas tamam başqa olub, nəticədə isə istəmədikləri bir sahə üzrə təhsil alıblar. Məhz buna görə düşünürəm ki, artıq bu məsələnin zamanı yetişib və qəbul qaydaları dünya praktikasına və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.

Azərbaycanda bu məsələ dəfələrlə gündəmə gətirilsə də, təəssüf ki, Dövlət İmtahan Mərkəzi qəbul prosesini hələ də qruplar üzrə aparır. Bu isə çox vaxt təhsilin yarımçıq qoyulmasına səbəb olur. Məsələn, ötən illərin statistikasına nəzər salsaq görərik ki, xeyli sayda tələbə oxuduğu ixtisas öz arzu və maraqlarına uyğun olmadığı üçün universitet təhsilini yarımçıq saxlamağa məcbur olub. Ümumilikdə qəbul imtahanlarının ixtisaslar üzrə deyil, qruplar üzrə keçirilməsi ən ciddi mənfi nəticələrini əmək bazarında göstərir. Çünki universiteti sadəcə “bitirmək xatirinə” oxuyan, məcburiyyətdən qəbul olduqları ixtisas üzrə təhsil alan məzunlar formalaşır. Onlar gələcəkdə özlərini arzuladıqları peşədə deyil, Dövlət İmtahan Mərkəzinin qruplar üzrə keçirdiyi imtahanın nəticəsində qazandıqları ixtisas üzrə görürlər.

Mən hesab edirəm ki, bu məsələ nəhayət ən yüksək səviyyədə müzakirə olunmalı və yeni qəbul modeli tətbiq edilməlidir. Hazırda Dövlət İmtahan Mərkəzi vahid sistem çərçivəsində həm imtahanları keçirir, həm də test tapşırıqlarını hazırlayır. Ədalətlilik baxımından isə bu sahədə də dəyişikliklərə ehtiyac var. Belə ki, Dövlət İmtahan Mərkəzi ya testləri hazırlamalı, ya da imtahanı keçirməlidir; hər iki funksiyanın eyni qurumda cəmlənməsi problemlərə yol açır. Bunun bariz nümunəsi ötən il yaşananlardır: 11 mindən artıq abituriyent Apeliyasiya Məhkəməsinə şikayət edib. Bu qədər şikayətin olması artıq Dövlət İmtahan Mərkəzinə olan etimadın sarsıldığını göstərir. İnsanlar sualların qoyuluşu, tərtibatı və qiymətləndirmə ilə bağlı ciddi narazılıqlar ifadə edirlər hələ bu problemlərin hamısını sadalamırıq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə