Test üsulundan yaxın gələcəkdə imtina gözlənilirmi ? - EKSPERT DANIŞDI

"Test üsulundan tam imtina edilməsi mövcud şəraitdə qiymətləndirmənin obyektivliyi və şəffaflığı baxımından ciddi risklər yarada bilər. Bununla belə, biliyin yalnız test formatında ölçülməsi müasir əmək bazarının tələblərinə tam cavab vermir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, testlər fərqli təfəkkürün, problem həll etmə bacarığının, analitik və yaradıcı düşüncənin ölçülməsində müəyyən məhdudiyyətlərə malikdir:

"Bu baxımdan, Azərbaycan üçün ən optimal yanaşma klassik test üsulunun yaradıcı və analitik tapşırıqlarla sintez olunaraq daha təkmil qiymətləndirmə modelinə çevrilməsidir.

Müasir dövrün təhsil trendlərinə və qlobal qiymətləndirmə standartlarına nəzər saldıqda, test üsulunun həm üstün, həm də zəif tərəflərinin sistemli şəkildə təhlil olunmasının zəruriliyi ortaya çıxır. Test üsulunun əsas müsbət cəhətləri obyektivlik və şəffaflıqdır. Bu qiymətləndirmə forması müəllim subyektivliyini və mümkün qərəzləri minimuma endirir, bütün abituriyentlərə eyni meyarlar əsasında yanaşılmasını təmin edir. Eyni zamanda, qısa müddət ərzində geniş proqram materialını əhatə etmək və on minlərlə iştirakçının nəticələrini operativ şəkildə emal etmək imkanı yaradır. Yoxlamanın texniki vasitələrlə aparılması isə insan amilindən qaynaqlanan səhvləri demək olar ki, aradan qaldırır.

Bununla yanaşı, test üsulunun çatışmazlıqları da elmi müzakirə predmetidir. Bu üsul əsasən yaddaşa əsaslanan bilikləri ölçür, arqument qurma, fikir yürütmə və yaradıcı yanaşma kimi bacarıqların inkişafına məhdud imkan yaradır. Həmçinin, təsadüf və şans amilinin nəticələrə müəyyən təsir göstərməsi ehtimalı mövcuddur. Son illərdə bu problemlərin aradan qaldırılması istiqamətində müxtəlif yeniliklər tətbiq edilsə də, məsələ hələ də aktual olaraq qalır.

Dünya təcrübəsi göstərir ki, test üsulundan tam imtina etmək məqsədəuyğun deyil; əksinə, onun təkmilləşdirilməsi daha səmərəli nəticələr verir. Bu kontekstdə Dövlət İmtahan Mərkəzi tərəfindən atılan addımlar və aparılan islahatlar müsbət nümunə kimi qiymətləndirilə bilər. Hazırkı mərhələdə test üsuluna tam alternativ olacaq bir model mövcud deyil, çünki qısa zaman ərzində bu qədər böyük həcmdə nəticələrin emalı praktiki baxımdan mümkün deyil. Rəqəmsallaşma əsasında həyata keçirilən qiymətləndirmə mexanizmi isə bərabər imkanların təmin olunmasına və subyektivliyin minimuma endirilməsinə şərait yaradır".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə