Orta məktəblərdə fənlər birləşdirilir? - TƏHSİL EKSPERTİ

Son illər Azərbaycanda təhsil sahəsində kurikulum islahatları — o cümlədən fənnlərin birləşdirilməsi və məzmunun yenilənməsi — əsaslı şəkildə müzakirə edilir və tətbiq olunur. Bəs, bu dəyişikliklər nə vəd edir?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, son vaxtlar təhsil sahəsində aparılan islahatlar cəmiyyətin diqqət mərkəzindədir və bu istiqamətdə bir sıra mühüm təşəbbüslər irəli sürülüb:

“Xüsusilə dərsliklərin məzmunu, strukturu və tətbiqi ilə bağlı dəyişikliklər bu islahatların əsas istiqamətlərindən birini təşkil edir. Lakin bu proses gözlənildiyi qədər sürətlə irəliləmir. Bunun əsas səbəbi ondan ibarətdir ki, təhsil kimi həssas və strateji bir sahədə atılacaq hər bir addım əvvəlcədən ciddi şəkildə yoxlanılmalı, əsaslandırılmalı və praktik nəticələri qiymətləndirilməlidir.

Məhz bu baxımdan, hər hansı yeniliyin tətbiqindən öncə pilot layihələrin həyata keçirilməsi vacib hesab olunur. Pilot layihələr vasitəsilə planlaşdırılan dəyişikliklərin real tədris mühitində necə nəticə verdiyi müşahidə edilir, mümkün çatışmazlıqlar və üstünlüklər müəyyənləşdirilir. Yalnız bu mərhələdə müsbət nəticələr əldə olunduğu halda, islahatların genişmiqyaslı şəkildə tətbiqinə başlanılması məqsədəuyğun sayılır.

Hazırda dərsliklərin birləşdirilməsi, fənlərarası əlaqələrin gücləndirilməsi, eləcə də müəllimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ümumi bir strateji plan mövcuddur. Bu plan çərçivəsində uzunmüddətli hədəflər müəyyən edilib və təhsilin keyfiyyətinin yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bununla belə, bu gün üçün konkret olaraq hansı fənlərin birləşdiriləcəyi, bu prosesin hansı mərhələlərdə və hansı mexanizmlərlə həyata keçiriləcəyi hələlik tam aydın deyil.

Gözlənilir ki, müzakirələr və təhlillər davam etdikcə, həm mütəxəssislərin, həm də ictimaiyyətin rəyi nəzərə alınaraq daha dəqiq qərarlar qəbul ediləcək və islahatlar mərhələli şəkildə həyata keçiriləcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə