"Təhsildə tez-tez aparılan islahatlar həm müsbət, həm də çətin təsirlərə malik ola bilər. Bir tərəfdən, müasir dövrün tələblərinə uyğunlaşma, müəllimlərin peşəkarlığının artırılması və tədris proqramlarının yenilənməsi üçün islahatlar zəruridir. Bu, sistemin inkişafı və təhsil keyfiyyətinin yüksəldilməsi baxımından vacib addımdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Süleymanov deyib.
Onun sözlərinə görə, islahatların çox sürətli və ardıcıl aparılması bəzən təhsil sistemində qarışıqlıq yarada bilər: "Müəllimlər, valideynlər və şagirdlər yeni qaydalara uyğunlaşmaq üçün vaxt tələb edir. Əgər dəyişikliklər ardıcıl planlaşdırılmırsa, resurslar yetərsiz qalırsa və tədris proqramları bir-biri ilə əlaqələndirilmirsə, bu, sistemin funksionallığını zəiflədə bilər. Effektiv islahatların əsas prinsipi tədricilik, planlı icra və bütün tərəflərin əhatə olunmasıdır. Müasir təcrübələr göstərir ki, islahatların uğurlu olması üçün öncədən pilot layihələr, müəllimlərin və valideynlərin maarifləndirilməsi, resursların təmin olunması və nəticələrin qiymətləndirilməsi vacibdir. Həmçinin islahatlar yalnız tədris proqramının dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. Müəllim hazırlığı, qiymətləndirmə sistemləri, texnologiyadan istifadənin artırılması və məktəb infrastrukturunun təkmilləşdirilməsi də bu prosesin tərkib hissəsi olmalıdır. Bu yanaşma təhsil sisteminin davamlı inkişafını təmin edir və qarışıqlığın qarşısını alır. Tez-tez edilən islahatlar yalnız sistemli və planlı şəkildə aparıldıqda təhsili gücləndirir. Əks halda isə ardıcıl olmayan və resurslarla dəstəklənməyən islahatlar qarışıqlığa səbəb ola bilər. Müasir təhsil siyasətində əsas məqsəd dəyişiklikləri məhz sistemin möhkəmlənməsi və keyfiyyətin yüksəldilməsi üçün həyata keçirməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB