"Mən özüm bir pedaqoq kimi, bir memar kimi və təcrübəçi memar kimi 39 ildir ki, bu universitetdəyəm" - NƏRGİZ AĞAYEVA

"Tədbir möhtəşəmdir. Təəssüratlar silinməzdir. Mən özüm bir pedaqoq kimi, bir memar kimi və təcrübəçi memar kimi 39 ildir ki, bu universitetdəyəm". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Hidrotexniki tikintilər kafedrasının dosenti Nərgiz Ağayeva deyib.

Onun sözlərinə görə, həm də 5 il tələbəlik dövrümü də hesablasaq, qalan 34 ili müəllim kimi, pedaqoq kimi fəaliyyət göstərmişəm: "Yəni məni bu sahədə saxlayan əsas amil tələbələrlə olan silinməz təəssüratlardır. Onların iş bacarığı, onları daha böyük nailiyyətlərə ruhlandırmaq, uğurlar... Bütün bunlar mənə müəllim kimi böyük bir şərəf və qürur gətirir. Mən 1986-cı ildə universitetə qəbul olmuşam. O zaman 5 illik kurs idi və magistratura daxil idi. Qırmızı diplomla bitirmişəm. 1991-ci ildə məzun olmuşam və 1992-ci ildən pedaqoq kimi, məhz məzunu olduğum universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Bugünkü gün üçün çoxdan hazırlıq gedirdi universitetdə. Bu çox böyük bir tədbirdir. 50 il az bir müddət deyil – yarım əsrdir. Bu dövrdə çoxlu uğurlarımız olub, müxtəlif fəaliyyətlər həyata keçirilib".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə