Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində ali təhsilin beynəlmiləlləşməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışıb. SİA xəbər verir ki, nazir bildirib ki, ölkə tarixində ilk dəfə olaraq 6 ali təhsil müəssisəsi “QS 2026: dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə top-1000-liyə daxil olub.
Onların sırasında Bakı Dövlət Universiteti (688-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (801-850), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (851-900), Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) yer alıb.
Nazir qeyd edib ki, ümumilikdə 9 ali təhsil müəssisəsi “QS 2026” qlobal reytinqində mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərən ölkə olub.
E.Əmrullayev onu da vurğulayıb ki, 2024-cü ildə ilk dəfə iki Azərbaycan universiteti “Times Higher Education” reytinqində də yer alıb, 2025-ci ildə isə bu sayın daha da artacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə