"İmtahanlarla bağlı heç bir güzəşt olmayacaq" -EKSPERT FİKRİ

“2 və 9 mart tarixlərində cari ilin məzunlarının buraxılış imtahanları keçirildi. Buraxılış imtahanı abituriyentlərin attestat almaları, kolleclərə və yüksək peşə məktəblərinə sənədlər vermələri üçün əsasdır”. Bu sözləri təhsil üzrə ekspert Rizvan Fikrətoğlu SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, buraxılış imtahanı ali məktəblərin birinci mərhələsinin balı kimi hesablanır: “Yəni 300 balı buraxılış, 400 balı isə blok imtahanı nəticəsində toplayırlar. Ümumilikdə, əvvəlcədən proqnoz etdiyim kimi, indidə vəziyyət elədir. Sia.az-a daha öncə buraxılış imtahanlarının keçən ildən çətin olmayacağını, asan olacağını bildirmişdim. Elə də oldu. Lakin 9 mart buraxılış imtahanlarının 2 marta nisbətən çətin olduğunu səsləndirənlər də var. Bunun əksini iddia edən şagird və müəllimlər də var. Təbii ki, nəticələr çıxmamış konkret bir fikir bildirmək olmaz. Amma ümumi götürsək nəticələrin qənaətbəxş olacağı gözlənilir. Düzdür, kontingent böyük olsa da, buraxılış imtahanlarının zonalar üzrə yox, bir dəfə keçirilməsinin tərəfdarıyam. Ondan sonra "hansı zonanın çətin və ya asan olması" fikirlərini eşitmiş olmarıq”.

Ekspert həmçinin bildirib ki, imtahan suallarının çətin olması hər hansı güzəştlərə gətirib çıxarmır: “Sadəcə bu, universitetə qəbul olunanların plan yerlərindən asılıdır. Müsabiqə hamı üçün bərabər keçirilir. Ümumi ballar qalxan zaman, hamı üçün eyni şərtlər əsasında olur”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə