"Müəllimlərin məktəblər üzrə yerləşdirilməsi topladıqları bala uyğun və seçim etdikləri maksimum 8 umumtəhsil məktəbi üzrə aparılır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, balı yüksək olanların Bakı, paytaxt ətrafına və böyük şəhərlərə düşmə ehtimalı olur: "Ucqar kənd məktəblərinə əsasən keçid balını keçib, yüksək nəticə göstərməyənlər təyin edilirlər. Müəllim əvvəlcədən seçim etdiyi yerləri görə bilir. "Facebook", "Teleqram"-da müəllimlərin bir araya gəldiyi qrupları var. Bu kimi vasitələrlə, "Google" axtarış platforması ilə müəllim kənd, onun şəraiti və digər məsələlər barəsində məlumat ala bilir. Məktəbin rayon mərkəzinə uzaqlığına görə müəllimə yol və digər xərclər nəzərə alınaraq, H1 və H2 -yə bölünməklə əlavə ödəniş verilir.
Müəllim uzaq yerdən gəlir, müvəqqəti gəlir deyə, dərsini keyfiyyətsiz keçməsi sualınıza gəlincə, bu, absurddur. Dövlət ona sinif, şagirdlər əmanət edir. Bunun əksi, qanunsuzluqdur, vicdansızlıqdır. Maaş alır, vəzifə və öhdəliyi var, məsuliyyət daşıyır. Təcrübədə yeni başlayan, uzaq məsafədən gələn müəllimlərdə öyrətmək həvəsi adətən çox olur. Gənc müəllim innovativ yanaşmanı ortaya qoymalıdır, texnoloji yenilik tətbiq etməlidir.
Hər zaman bildirmişəm ki, müəllimin yaşadığı əraziyə 1-2 balı çatmırsa, onlara güzəşt edilməlidir, nəyinki kənardan müəllimin gəlməsi. Hər şeyi təkcə balla ölçmək lazım deyil. O qədər elə müəllimlər var ki, məktəb evinin yanındadır, kilometrlərlə uzaq əraziyə getməli olur. Bu, keyfiyyətə də təsir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə