"Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdi" - MÜNASİBƏT BİLDİRİLDİ

“Birləşmiş Millətlər Təşkilatı yaradıldıqdan sonra, ilk dəfədir ki, Azərbaycan dünyada ərazi bütövlüyünü bərpa edib, suverenliyini bərpa edib və bu ərazi bütövlüyü də dünya tərəfindən qəbul edilib. Bu il Çində qələbənin 80 illik yubileyi münasibəti ilə bağlı böyük parad keçirildi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Çinin Tayvan kimi böyük problemi var: "Çin əhali baxımından dünyada ikinci, uzun müddət birinci olan Çin iqtisadi baxımdan da birinci olmuş bir ölkədir. Onların Tayvan kimi problemi var. Hindistanın qardaş ölkə olan Pakistanla problemi var. İsrailin Yaxın Şərqdə problemi var. Rusiya-Ukrayna problemi var. Bir çox ölkələrdə bu cür problemlər uzun illərdir davam edir. Ancaq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu məsələdə ordumuzun rolu böyükdür. Dövlətimizin, diplomatiyamızın, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti quruldu, ordusu quruldu, diplomatik əsaslar qoyuldu, konstitusiya əsasları quruldu. Daha sonra Prezident İlham Əliyev bu siyasəti ən yüksək səviyyədə davam etdirdi. Müasir hərbi texnologiyalar tətbiq olundu. Bu nailiyyətin bir səbəbi yox, bir neçə əsas səbəbi var: vətənpərvər gənclik, vətənpərvər xalq, xalq–ordu birliyi, xalq-Prezident birliyi. Azərbaycan bu gün regionda nüfuzlu, güclü iqtisadiyyata malik dövlətdir. Və Azərbaycan dövləti öz gücünə, öz ordusunun gücünə, öz xalqının gücünə və öz iqtisadiyyatının gücünə bu nailiyyəti əldə etdi. Bu nailiyyət, ərazi bütövlüyünü təmin etməklə, işğala məruz qalmış xalqlar üçün bir ümid, təhlükə altında olan ölkələr üçün bir modeldir. Bütün bunlar Azərbaycanın apardığı müstəqil və düzgün siyasətin nəticəsidir. Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam təmin etmiş dövlətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə