Son illər mənzil bazarında həm hazır binalara, həm də bünövrədən satılan layihələrə maraq artıb. Alıcılar üçün əsas sual isə həm hüquqi, həm də maliyyə baxımından hansı seçimin daha sərfəli olmasıdır. Çıxarış problemi, tikintidə gecikmələr və qiymətlərin dəyişməsi isə bu seçimdə riskləri daha da artırır. Bəs, bu şəraitdə vətəndaş hansı mənzil növünü seçməlidir? Bünövrədən mənzil alan insanı ən çox hansı risklər gözləyir? Hazır binadan mənzil almağın əsas üstünlüyü nədir?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, bir nömrədən, yəni hələ tikilməkdə olan binadan mənzil almaq müəyyən risklər daşıyır:
"Amma hazırda bazarda işini məsuliyyətlə görən tikinti şirkətlərinin sayı kifayət qədər yüksəkdir, təxminən 95%-ə yaxın. Əvvəllər vəziyyət fərqli idi – 10-12 il öncə, birinci dəfə bina tikən şirkətlər, yeni başlayanlar və məsuliyyətsiz şirkətlər daha çox idi. İndi isə belə halların sayı xeyli azalıb. Məsələn, hazırda tikinti ilə məşğul olan şirkətlərin təxminən 90%-i etibarlıdır və onların 95-96%-i işini düzgün və məsuliyyətlə yerinə yetirir. Buna baxmayaraq, risk tamamilə aradan qalxmayıb. Bu risklər nədən ibarətdir? Məsələ ondadır ki, binanın tikintisi prosesi bir neçə mərhələdən ibarətdir: layihələndirmə, tikinti işləri, binanın qaldırılması, istismara təhvil verilməsi və s. Bu mərhələlərdə müxtəlif problemlər ortaya çıxa bilər. Məsələn bina tikintisi planlaşdırıldığı vaxtda tamamlanmaya bilər, tikinti uzana bilər, şirkətdə maliyyə sıxıntıları yarana bilər, bu da tikintinin yarımçıq qalmasına səbəb ola bilər, şirkət işini məsuliyyətlə görməyə bilər və ya keyfiyyətdə problemlər yaranar. Nadir hallarda, bəzi qanunsuz hallar baş verə bilər, məsələn, bir neçə nəfərə eyni mənzili satmaq kimi, ətta bəzi hallarda tikinti şirkətinin rəhbərləri hüquqi məsuliyyətə cəlb oluna bilər. Bütün bu səbəblərdən, hələ tikilməkdə olan binadan mənzil almaq müəyyən risk tələb edir. Hazır binalarda isə bu risk demək olar ki, yoxdur, çünki bazarda artıq etibarlı, məsuliyyətli şirkətlər qalıb və onlar işlərini düzgün yerinə yetirirlər. Vətəndaşlar bu risklərdən qorunmaq üçün mütləq şəkildə tikinti şirkəti barədə ətraflı araşdırma aparmalıdır. Bunu necə etmək olar? Şirkətin daha əvvəl tikdiyi binaların vəziyyətini yoxlamaq, binanın istismara verilib-verilmədiyini, çıxarışların olub-olmadığını araşdırmaq, şirkətin keçmişdə hər hansı maliyyə və ya hüquqi problemi olub-olmadığını öyrənmək. Əgər şirkət etibarlıdır, keçmişində problem olmayıbsa və işini məsuliyyətlə görürsə, o zaman hələ tikilməkdə olan binadan mənzil almaq mümkündür və risk minimaldır. Amma unutmaq olmaz ki, risk heç zaman tamamilə aradan qalxmır – sadəcə onu minimuma endirmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB