"Türk Dövlətləri Təşkilatında Azərbaycanın rolu böyükdür" - MÖVQE

"Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələrlə çox uğurlu təcrübə mübadiləsi var. Azərbaycan təşkilatın yaradıcısı və əsas təşəbbüskarlarından biridir. Demək olar ki, təşəbbüsçülərindən biri kimi bu gün Türk Dövlətləri Təşkilatının bu səviyyəyə çatmasında Azərbaycanın müstəsna rolu olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Azərbaycan daim çalışır ki, Türk Dövlətləri Təşkilatında bütün sahələr üzrə əməkdaşlıq daha da genişlənsin və bu təşkilat qlobal miqyasda güc mərkəzinə çevrilsin.

Bu istiqamətdə Azərbaycanın fəaliyyəti də öz bəhrəsini verir. Artıq Türk Dövlətləri Təşkilatı qlobal məsələlərdə birgə mövqe sərgiləyir. Bu təşkilatın mövqeyi ilə böyük dövlətlər və beynəlxalq təşkilatlar hesablaşmağa başlayır. Siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq həm üzv ölkələrin siyasi gücünü artırır, həm də onların səsini dünyada daha eşidilən edir. Eyni zamanda, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlıq təşkilatın iqtisadi potensialını artırır və bu ölkələrin dünya iqtisadi sisteminə daha sıx inteqrasiyasına səbəb olur. Bu isə həm investisiya axınının artmasına, həm də üzv dövlətlərin iqtisadi cəhətdən güclənməsinə gətirib çıxarır. Məlumdur ki, bir dövlətin iqtisadi gücü artdıqca onun siyasi və hərbi qüdrəti də yüksəlir.

Enerji sahəsində əməkdaşlıq da olduqca vacibdir. Çünki enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün əsas prioritetdir. Bu sahədə əməkdaşlıq Türk dövlətlərinin enerji asılılığını azaldır və onların enerji təhlükəsizliyini təmin edir.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv xalqlar bir kökə, bir etnosa, ortaq tarixə və dilə malikdirlər. Bu birliyi gücləndirmək xalqlar arasında mədəniyyətlərin, ənənələrin və tarixlərin daha dərindən öyrənilməsinə və yaxınlaşmasına xidmət edir. Azərbaycan bütün bu proseslərdə fəal iştirak edir və xüsusi proqram və layihələrlə Türk dünyasının birliyinə töhfə verir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə