"Düzdür, qanun pozuntusudur, amma məcburiyyətdir" - ŞƏRH EDİLDİ

"Qanunvericilikdə göstərilib ki, Dövlət ümumi təhsil müəssisəsində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir: "Məsələ ondan ibarətdir ki, Bakı, ətraf ərazilər və bəzi regionlar yüklənib.

Valideynlər işinə və ailə vəziyyətinə görə daha yaxın ərazidə uşaqların təhsil almasını istəyirlər. Bu halda məcburi surətdə siniflərdə şagird sayı çoxalır. Məktəblər var ki, 600 nəfər şagird üçün nəzərdə tutulub. Amma orada 3 minə yaxın məktəbli oxuyur. Düzdür, qanun pozuntusudur, amma məcburiyyətdir. Əks halda məktəbə qəbul edilməməklə ağır hüquq pozuntusu yaranacaq. Uşaqlar dərsdən yayınacaq. Təbii ki, ikincisinin fəsadları daha ağırdır.

Elə sinif var ki, şagird sayı 30-dan çoxdur. Orada paralel sinif yaratmaq üçün məktəbin həcmi imkan vermir. Qarşısını almaq naminə sıx olan ərazilərdə ya yeni məktəb tikilməlidir, ya da mövcud məktəbin həcmi böyüdülməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə