"Əgər abituriyent imtahanda zəif nəticə göstərirsə,..." - TƏHSİL EKSPERTİ

"Buraxılış imtahanlarının tarixinin martın əvvəllərində olmasına əsas səbəb qəbul imtahanlarının iki mərhələdə həyata keçirilməsidir. Qəbul imtahanlarının cavablarının elan olunması, ixtisas seçimi, universitetlərə qeydiyyat və s. uzun və vaxt aparan prosesdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Zəif nəticə göstərən abituriyentlərin narazılığına gəldikdə isə ekspert qeyd edib ki, buraxılış imtahanlarında həmin dövrə kimi keçilən mövzular əsasında suallar tərtib olunur: "Yəni, bunların hər biri nəzərə alınır. Düşünürəm ki, bu halda abituriyent zəif nəticə göstərirsə, bu onun imtahana yaxşı hazırlanmamasından irəli gəlir".

"Bir məsələ də var ki, 11-ci sinif şagirdləri mütəmadi olaraq hər gün məktəbə getmir. Böyük ehtimalla, 11-ci siniflər artıq mart ayına kimi kurs və ya repetitor yanında mövzuları bitirmiş olurlar. Bundan sonrakı nəticələr artıq abituriyentlərin hazırlıq səviyyəsinin sübutu olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə