"Bir çox ixtisaslar ümumiyyətlə sıradan çıxacaq" - EKSPERT DANIŞDI

"Bir çox ixtisaslar ümumiyyətlə sıradan çıxacaq" - EKSPERT DANIŞDI

"Gələcəyin ixtisasları birbaşa olaraq qlobal həllər üzərində qurulacaq. Qlobal həll dedikdə rəqəmsallaşma yada düşür və bu ixtisaslar məhz rəqəmsallaşma ilə bağlı olacaq. Təhsil ixtisaslarını müəyyənləşdirmək müasirləşən dünyada prioritet məsələyə çevrilir. Hansı ki, dördüncü sənaye inqilabı mütləq şəkildə oturuşmuş ixtisas steriotiplərini darmadağın edəcək. Eyni zamanda burada robot süni intillekt mühəndisləri, ekologiya ilə bağlı ixtisaslar da mühüm yer tutacaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə bütövlükdə yeni ixtisaslara keçid mütləq şəkildə zəruri olacaq: "Bir çox ixtisaslar var ki, onlar ümumiyyətlə sıradan çıxacaq. Fənlərarası münasibətlər də yeni ixtisasların formalaşmasında öz rolunu göstərəcək. Dövlətlər arasında olan toqquşmalar hərbi sahədə də yeni ixtisasların yaranmasına yol açacaq. Qlobal həllərə müraciət etsək, kiber ixtisasları meydana çıxacaq, hansı ki, bu ixtisaslar isə olduqca vacibdir. Proqram mühəndislərinə isə gələcək dövrdə ciddi ehtiyac olacaq. Sosial medianın inkişafı ilə bağlı yeni media ixtisasları meydana çıxacaq və bu da qlobal həllər ilə bağlıdır.

Düşünürəm ki, Azərbaycan Respublikasında bu istiqamətdə müəyyən işlər görülür. Cənab Prezidentin müvafiq olaraq təsdiq etdiyi dövlət proqramları var. Bu proqramlar çərçivəsində gənclər dünyanın müxtəlif universitetlərində təhsil almağa gedirlər. Gənclərin müraciət etdiyi ixtisaslar strateji və gələcəyə istiqamətlənmiş ixtisaslardır. Əvvəlki dövrlərdən fərqli olaraq, proqnozlaşdırılır ki, bir insan ən azından beş ildən bir ixtisas yeniləməyə məcbur olacaq. Bu istiqamətdə universitetlərimiz də düşünməlidirlər. Universitetlərimiz gələcəklə bağlı çağırışlara meyilli ola bilərlər, lakin bununla bağlı onların strategiyalarının olması çox vacibdir. Universitetlər öz personalanın yenilənməsi ilə bağlı strategiya müəyyən etməlidir. Hansı ki, universitet müəllimi beş ildən sonra gözlənilən istiqamət üzrə işləməyi bacarmalıdır. Universitet də bu məsələdə maraqlı olmalı və öz kadr personalının çağırışlara hazır olması istiqamətində çalışmalıdır. Lakin çox acınacaqlıdır ki, bu gün universitetləri monitorinq etsək, yenilənmə ilə bağlı demək olar ki, vəsait ayrılmadığının şahidi olarıq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə