“Elm” nəşriyyatının direktoru Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri təyin olunub

Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsi yaradılıb. AMEA-dan SİA-ya daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” Nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov yeni yaradılan bölmənin sədri təyin olunub.

Mərkəzi ofisi Böyük Britaniyada yerləşən EASE akademik nəşriyyat sahəsində fəaliyyət göstərən, peşəkar təcrübəyə malik redaktorların beynəlxalq birliyidir. EASE-nin missiyası elmi redaktorluğun dəyərini təbliğ etmək, peşəkar inkişafı, tədqiqatı və əməkdaşlığı dəstəkləməklə elmi redaktənin qlobal standartlarını, keyfiyyətini yaxşılaşdırmaqdır. Hazırda qurumun Almaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İspaniya da daxil olmaqla ümumilikdə 50 ölkədən 750-dən çox üzvü var.

Assosiasiyada ölkəmiz üzrə bölmənin yaradılmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən elmi redaktorların beynəlxalq əməkdaşlığını genişləndirmək; mütəxəssislərin təkmilləşdirilməsinə kömək edəcək nəşrlər hazırlamaq; redaksiya işçiləri, müəlliflər üçün maarifləndirici tədbirlər təşkil etmək, onlara tədqiqat və nəşr etikasına dair tövsiyələr, eləcə də yerli və xarici indeksləşdirmə bazalarında elmi jurnalların qeydiyatı üzrə məsləhətlər verməklə elmi jurnalların standartını və keyfiyyətini yüksəltməkdir. Həmçinin bölmənin fəaliyyətinə elmi məqalələrin yazılması, nəzərdən keçirilməsi və jurnalların redaktəsi üzrə təlimlərin təşkili, elmi jurnalların keyfiyyətinin yaxşılaşdırılması üçün təlimatların hazırlanması; ölkəmizdə nəşr olunan elmi jurnalların redaktorları ilə tematik görüşlərin keçirilməsi də daxildir.

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə