31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Qubadakı kütləvi məzarlıqda 600-ə yaxın insan skeleti aşkarlanıb

Martın 28-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, iclas 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov 31 Mart soyqırımı haqqında geniş məlumat verib. Bildirib ki, bu hadisələr 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin ayrı-ayrı vaxtlarda Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və bir sözlə, Azərbaycanın hər yerində törədilib. Əli silahlı erməni quldur dəstələri qoca, qadın, uşaq bilmədən, qarşısına çıxan hər bir azərbaycanlını vəhşicəsinə öldürüblər. Bu qısa zaman çərçivəsində 50 min günahsız azərbaycanlı qətlə yetirilib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru dosent Qəhrəman Ağayev 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıqda apardığı tədqiqat işlərindən danışıb. O bildirib ki, tədqiqatlar nəticəsində burada insan sümükləri olan 2 quyu, eləcə də skeletlərlə dolu arxlar müəyyən edilib. Quyularda 600-ə yaxın insan skeleti aşkar olunub. Arxlarda isə 211 kəllə sümüyü tapılıb. 2013-cü ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə bu ərazidə Memorial Kompleks yaradılıb.

Elmi Şuranın iclasında A.Seyidov növbəti aylarda keçiriləcək konfranslara hazırlıq barədə danışıb.

2023-cü il üçün gənc alimlərin tədbirlər planı təsdiq edilib. Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun “Pratürk problemi: primordializm və pozitivizm arasında (dilçi, arxeoloji və arxeogenetik əsasların tənqidi analizi)” adlı monoqrafiyasının çapa təqdim edilməsi yekdilliklə qəbul olunub.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə