BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb - FOTOLAR

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqə Komissiyasının qərarına əsasən, təbiət və texnika elmləri üzrə Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov I, BDU-nun nəzdində Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev II, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov III, humanitar və ictimai elmlər üzrə İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov I yerə, Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımova II yerə, Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva III yerə layiq görülüblər.

Müsabiqədə I yerin qalibləri 2500, II yerin qalibləri 1500, III yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif ediliblər.

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə üç ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə