"Tələbələrin işi asanlaşacaq" - TƏHSİL EKSPERTİ BİLDİRDİ

"Əslində dövlət imtahanının ləğvi barədə qanunun qəbulu 2020-ci ildə pandemiya dövrünə təsadüf edir. Lakin ötən gün təhsil naziri Emin Əmrullayev yenidən bu mövzuya toxunduğu üçün dövlət imtahanının ləğvi məsələsi bir daha gündəmə gəldi". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, bu xəbəri sevinclə qarşılayan-qarşılamayan da oldu: "Bəzi tələbələr var ki, onlar üçün dövlət imtahanı vermək daha rahat idi. Onlar düşünürdülər ki, bu zaman qiymətləndirmə daha doğru şəkildə aparılar. Çünki bəzi tələbələr diplom işini pul qarşılığında başqa şəxslərə hazırlatdırırdılar. Daha sonra diplom işini müdafiə etmək onlar üçün asan olurdu. Amma dövlət imtahanı belədir ki, imtahanda iştirakına uyğun şəkildə qiymət alırsan. Təhsil sistemimizi inkişaf etdirmək üçün yeni standartlar qəbul edirik. İstər sillabusların, istərsə də dərs proqramlarının dəyişməsi ilə bir çox maddələr dəyişir".

Ekspert sözlərinə davam edərək bildirib ki, bu dəyişikliyin içində tələbələrin istəkləri nəzərə alınmır: "Bu məsələdə daha çox onların gələcək perspektivləri, iş imkanları və əmək bazarının tələbləri nəzərə alınır. Hesab edirəm ki, bu addım tələbələrin diplom almasını çətinləşdirməyəcək, əksinə daha da asanlaşdıracaq. Çünki diplom işinə düşən tələbələr qeyd etdiyim kimi bu işlə pul qarşılığında məşğul olan adamlardan istifadə edəcək. Hesab edirəm ki, bu baxımdan diplomun əldə olunmasında ədalətli qiymətləndirmə olmaya bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə