"Təhsil onlayn rejimə keçməməlidir" - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

"Təhsil onlayn rejimə keçməməlidir" - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

"Türkiyədə fevral ayının 6-da baş verən zəlzələ kifayət qədər böyük faciəvi bir hadisədir və çox təəssüf ki, insan ölümlərinin həcmi kifayət qədər çoxdur. Bu, əsrin ən ağır zəlzələsi hesab oluna bilər. Təbii ki heç bir dövlət baş verən bədbəxt hadisələrdən sığortalanmayıb. Amma zərərin minimuma enməsi üçün addımlar atılmalıdır. Bunları da bir neçə hissəyə bölə bilərik". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu birincisi tədrisin məsafədən təhsilə keçməməsi ilə bağlıdır: "Çünki biz uzun müddət pandemiya dövründə onlayn rejimdə dərs keçmişik və xüsusən mühəndislik, tibb ixtisası çox ağır təhlükələr törədə bilir. Çünki pandemiya dövründə gördük ki, bu ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilə bilməz. Təbii ki, Türkiyə tərəfindən atılan addım müəyyən qədər başa düşüləndir. Amma burada yataqxanaların istifadəyə verilməsi anlaşılan deyil. Birinci ona görə ki, hal-hazırda Türkiyədə ümumi yataqxanalarda yataq yerlərinin sayı 850 min civarındadır və bura mütləq şəkildə bütün zəlzələdən əziyyət çəkənlərin yerləşdirilməsi mümkün deyil. Amma təbii ki bundansa, orada digər ictimai iaşə obyektlərinin, yəni otellərin istifadə edilməsi daha yaxşı olardı. Çünki heç də yataqxanalar hər yerdə deyil, amma otellər daha çoxdur. Türkiyədə otelin tutumu 1 milyon 800min yerdir".

Kamran Əsədov sözlərinə belə davam edib: "Bir məsələni xüsusən qeyd etmək istəyirəm ki, bu günləri Türkiyədə 22 minə yaxın Azərbaycanlı tələbə təhsil alır və onların orada hal-hazırda müəyyən qədər çətinlikləri var. Hətta zəlzələ baş verən ərazilərdə belə çox təəssüf ki, biz dağıntılar altında qalan tələbələrlə bağlı məlumatları tam olaraq ala bilməmişik. Hesab edirəm ki Azərbaycan tərəfi hava yolları mütləq şəkildə göstəriş verməlidir ki, həmin tələbələrin Azərbaycana gəlməsi ilə bağlı ciddi şəkildə endirim etməlidirlər. Çünki hal-hazırda həm tədrisin təşkili qaydası Türkiyədə mümkün deyil, həm də həyati təhlükə hələ də müəyyən qədər davam edir. Bu amillər zəruri amillərdir.

Digər bir tərəfdən, çox təəssüf ki, Azərbaycan tərəfi, xüsusən də Elm və Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı qaydaları hələ müəyyənləşdirməyib. Onların əsas göstərdiyi attestatla qəbul qaydaları yanlışdır. Biz həmin şəxslərin Azərbaycanda təhsilini davam etdirməsinə şərait yaratmalıyıq. Digər tərəfdən də artıq pandemiya dövrü başa çatıb. Mən hesab edirəm ki, sərhədlər tam olaraq açılmalıdır. Bu insanların daha ucuz gediş-gəlişinə də dəstək verəcək. Təbii Azərbaycan Türkiyədə zəlzələ baş verən kimi ilk bütün resurslarını səfərbər edən, köməyə gedən ölkələr sırasındadır və düşünürəm ki, Azərbaycan-Türkiyə sərhədi bağlı olmamalıdır. Çünki Türkiyədən heç bir halda bizə, bizdən də Türkiyəyə təhlükə gələ bilməz. Burada kifayət qədər insanlar var. Onların gediş-gəlişi daha rahat təşkil edilməlidir. Yəni 21 min 600 Türkiyədə təhsil alan Azərbaycanlılar var. Bütün bu amilləri nəzərə alaraq Azərbaycan-Türkiyə sərhədi açılmalı, eyni hava və quru yolundan istifadə üçün xidmət haqqları ciddi şəkildə aşağı endirilməlidir. Biz gördük zəlzələ baş vermiş ərazidə ciddi şəkildə Türkiyə hökuməti, Türk Hava Yolları qiymət endirimləri edir. Düşünürəm ki, Azərbaycan Hava Yolları da bu istiqamətdə addım atmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə