Bu günlər yay hələ də havanın sərinləşməsinə təslim olmayan şux qaməti, yaşıl rəngi ilə gəlişinə sayılı günlər qalan payızın pışvazına çıxıb, ona meydan oxumaq istəyir. Lakin istəsə də, istəməsə də onu qarşılamaq, təslim olmaq məcburiyyətindədir. İlin bu vaxtında-ağacların ağırlıqdan əyilib çəməni oxşayan budaqlarının çeşidli bol meyvəsi, bağrını yarıb zər axtaran insanlara torpağın yığmaqla bitməyən məhsul ərməğanı yenə də zaman-zaman zəhmətin yaratdığı torpağın əlifbasını yada salır, dərələrin, düzlərin, çöllərin əlifbasından söhbət açır…
“A” ilə – ata ilə, ana ilə başlayan əlifbamızın sıralanmasında nə əvvəldə, nə də sonda yox, ortalarda ilk səslənmədə gözlərimiz önünə torpağı gətirən bir hərfimiz də var – “T”. Sanki tən ortada dayanmaqla torpaq mənzilli insanların dünyaya gələninə də, gedəninə də sevgi paylayan bu hərf yaranışından insanları özünə sevdalı edib. Üzərində dünyaya gəlib, qoynunda uyuduğumuz, ata-babalarımızdan alın təri alıb qara rəngini gözoxşayan, könül bəzəyən min bir çalara çevirən torpaq. Zaman-zaman qara günün ağ rəngi olan torpaq. Ucsuz-bucaqsız dünyanı üzərində qurub yaradan, evsizi evli, çörəksizi çörəkli, işsizi işli edən torpaq.
Torpaq nəyi sevir? İnsanları, onların əllərini, nəfəsini. Sükutu yox, səsi-küyü sevir. Sinəsinə şumun, kotanın, traktorların, kombaynların sığal çəkməsini, “əzilməsini” sevir ki, onu əzəni əzizləsin. Zəhmətini çəkənin mükafatını versin. Elə ona görə də hər zaman zəhmətin əlifbası olub torpaq. Bu əlifbanı barmaqları ələktək torpağı ələyən əllər sıralayıb. O əlifbanı hər bir kəndli atanın yanındakı cütçü qardaşına-balaca oğluna torpağı çölbəçöl, dərəbədərə, çayları bənd-bənd, bərə-bərə, çiyni ot şələli, odun şələli, uçurumu, yoxuşu, aşırımda tufanı, gədikdə qarı, selabda yağışı oxutduran zəhmətkeş insanların simasında böyük şairimiz Məmməd Araz hərf-hərf qələmə alıb. Şair hər birimizin atasının kitabı olan poemada bir xalqın torpaq sevgisini cahana bəyan edib, böyük bir elin ağsaqqal, zəhmətkeş və nəsihətkeşlərinin ümumi obrazını atası ilə “Atamın kitabı”nda sətirləyib.
Bu əlifba məktəbdə say çöpləri ilə hesablamaqla başlayıb “A” dan “Z”yə hərfləri bir-bir öyrəndiyimiz əlifbaya çox bənzəyir. Lakin bu əlifba yayın-yazın günəşində, payızın yağışında-sazağında zəhmət zindanında döyüb bərkidəndən sonra “məktəbə” göndərir ataların övladlarını. Zəhmətin əlifbasında say çöpləri ilə saymaq külüng, baltadır. Qolunu çırmayıb döşdəki yemişan kolunu boğazlayan, sonra da on dənə düyünsüz çubuğu, beş cüt də samlığı ütməyi bacaran hərfləri öyrənməyə başlaya bilər. Bu əlifbanın “A”sı at, “B”si bal, baldırğan, “D”si dəryaz, “O”su oraq, “C”si cütdür. Müasir dövrümüzdə atı avtomobillər, dəryazı, orağı, cütü traktor, kombayn, otbiçən, taxılbiçən maşınlar əvəz etsə də, insanlar yenə də həmin insanlardır. Bu gözəl ölkəmizin nəfis bar-bərəkətinin, bazarlarımızın bolluğu, süfrələrimizin yaraşığı olan nemətlərinin arxasında aylarla qızmar günəşin altında çöhrəsi mis rənginə çalan, alın tərini yağış, arx sularına qatıb torpağa hopduran, yazın-payızın sazağının əllərinə “dırmıq çəkdiyi” insanların zəhməti dayanır. Bu insanlar zəhmətin əlifbasını sıralayan o dağ qürurlu, barmaqları qabar-qabar, ovucları cadar-cadar olan ataların övladlarıdır. O atalar övladlarına çölün əlifbasını öyrətdikdən sonra onları gözlərində sevinc yaşları ilə məktəbə yola salanda deyirdilər:
Dedi: gəl öpüşək, a cütçü qardaş
Daha düş-söylədi-boyunduruqdan!
Dedi: çıxma sözdən,
Çıxma buyruqdan!
Məktəbə gedirsən,
Get, işıq oğlum!
Sabir baban demiş:
yaraşıq oğlum!
Zəhmətin əlifbası ilə qanına, ruhuna sulardan saflıq, təbiətdən halallıq, dağlardan əzm hopan oğullarınsa heç çölçü ayaqları düşməzdi heydən:
O gündən balaca qırmızı heybəm
Bir gözündə kitab, birində çörək
Çiynimdən düşmədi yollandım çölə, – deyərək, torpaqla məktəb-elm, ziyalılıq sevgisini paylaşdılar.
İllər ötür, lakin ilk əlifbamız zəhmətin əlifbası olaraq qalır. Bu əlifbanı öyrənə bilməyən zəhmətlə ucala, öz mövqeyinə çata bilmədi. Öyrənənlərsə müəllim, həkim, mühəndis, alim də oldular. Övladlarına torpağın əlifbası ilə yanaşı, dilini də öyrətdilər. Beləcə, torpaq sevgisi dünəndən bu günə gəlib çıxa bildi. 70 illik sovet rejiminin kəndlinin əlindən torpaqlarını alıb kolxoz-sovxozlara verdiyi dövrdə torpaqsız yaşaya bilməyən insanlar onu başqaları üçün əkib-becərməyə belə, razı oldular. “Ta ki torpaq olsun, ta ki ondan ayrı qalmayaq”, – dedilər. Zəhmətin bəhrəsinin çoxu özlərinə qalmasa da, mənəvi cəhətdən qazancları böyük oldu o insanların. Bu qazanc torpaqdan ayrı düşməmək, ona bağlılıq idi. Həmin bağlılıq ümummilli liderimizin həyata keçirdiyi islahatla torpaqları özlərinə qaytarılan insanların, həqiqətən də, bu ata-baba ərməğanına münasibətlərində özünü göstərdi. Müstəqillik illərində zəhmət adamlarına göstərilən qayğı isə onları qırılmaz tellərlə bir daha torpağa bağladı. Subsidiyaların verilməsi, torpaqların vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının sərbəst satışı üçün şəraitin yaradılması, güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi, aqrolizinq xidməti göstərilməsi, kənd təsərrüfatı məhsullarının satışının təşkili və sərbəst ixracı onları torpaq mülkiyyətçisinə çevirdi. Bütün bunlar isə illərdir, ölkəmizdə aqrar sahənin inkişafına səbəb olub. Artıq torpaq mülkiyyətçiləri fermer, ailə təsərrüfatları yaradır, zəhmətləri ilə torpağın ən gözəl gəlir mənbəyi olduğunu sübut edirlər. Bazarlarımıza çıxarılan, festivallarda nümayiş olunan, satılan keyfiyyətli yerli məhsullar zəhmətin əlifbasını ata-babalarından əxz edənlərin zəhmət zəfəridir.
50, 100 il bundan sonra da nə qədər ki yenə də ata-babalar övladlarına heybəsinin bir gözündə kitab, birində çörək çölə gəlməyi, onlara köməyi təlqin edəcəklərsə, zəhmətin yaratdığı bu əlifba əmək adamlarının hayına-harayına gələcək. Çünki zəhmətin əlifbası torpağa çağırışdır. Yaxşı dolanışığa, əməklə, zəhmətlə ucalığa çağırışdır.
Xüsusilə də dünyada qlobal qıtlığın hökm sürdüyü indiki dövrdə torpaqdan bərk-bərk yapışmaqla, onu əzib-əzizləməklə bu problemin qarşısını müəyyən qədər almaq olar. Axı xalqımızın qədim əkinçilik mədəniyyəti mövcuddur. Elə bu mədəniyyət də zəhmətin əlifbasını yaradıb. Bu əlifbadan hər gün bir hərf öyrənməklə bolluğu necə yaratmağın sirlərini də mənimsəmək olar. Bu sirrin çözülməsi isə bol taxıl, meyvə-tərəvəz-bolluq deməkdir…
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB