Böyük Qayıdış planı ilk beşlikdədir - İQTİSADÇI AÇIQLADI

Böyük Qayıdış planı ilk beşlikdədir - İQTİSADÇI AÇIQLADI

“Böyük Qayıdış planı Azərbaycanın indiki və gələcəkdəki əsas məqsədləri siyahısında ilk beşlikdədir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, burada bir neçə istiqamətdə işlər görülür: “Xüsusən ərazinin təhlükəsiz istismarı üçün addımlar həyata keçirilir. Bölgələr minalardan təmizlənir. Hansı ki bu il bu istiqamət üzrə büdcədən 100 milyon manata qədər vəsait ayrılıb və bu istiqamətdə intensiv işlər həyata keçirilir. 2020-ci ildən etibarən Böyük Qayıdış olanı üzrə ciddi abadlıq-quruculuq işləri baş tutur və həmin ildə bu istiqamətdə dövlət büdcəsindən birbaşa 2 milyard manat pul vəsaiti ayrılıb. 2022-ci ildə isə 2,2 milyard manat vəsait ayrılıb. Bu vəsaitin də son üç ayda təqribən 346 milyon manatı xərclənib. Burada yol-nəqliyyat infrastruktunun qurulması istiqamətində işlər həyata keçirilir.

Bildiyiniz kimi ciddi sürətdə həm Zəfər yolu quruldu, həm Ağbəndə gedən yolun əhəmiyyətli hissəsi tikilib. Bunlar 4 və 6 zolaqlı yollardır. Bundan əlavə Kəlbəcərdə, Laçında, Ağdamda, Füzulidə yolların tikilməsi ilə bağlı işlər həyata keçirilir. Zəngilanın Ağbənd qəsəbəsinə dəmir yolu xətti çəkilir. Zəngəzur dəhlizinin bərpası istiqamətində intensiv işlər gedir. Əsasən elektrik enerjisi infrastrukturunun qurulması, su elektrik stansiyalarının, istilik elektrik stansiyalarının, yəni kommunal infrastrukturun qurulması istiqamətində də mühüm işlər həyata keçirilir. Bundan başqa ərazilərdə kənd təsərrüfatı əhəmiyyətli əkinçilik həyata keçirilir. Bu il 50 min hektarda taxıl əkiləcək. Təxminən 170, 200 min hektarlıq ərazi Azərbaycanın iqtisadi dövriyyəsinə daxili olub. Bu il Zəngilanın ilk kəndi bərpa olunub və bu ildən həmin ərazidə yaşayışın təmini də nəzərdə tutulub. Yəni artıq əhalinin ilkin məskunlaşması prosesi gedəcək. Həmçinin işğaldan azad olunmuş şəhər və rayonların baş planının təsdiqi bu il həyata keçiriləcək. Bundan sonra həmin ərazilərdə ilkin yaşayış infrastrukturlarının qurulması təmin ediləcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə