Ölkəmizin iqtisadi gücü bundan sonra daha da artacaq

Ölkəmizin iqtisadi gücü bundan sonra daha da artacaq

Çox sevindirici haldır ki, qısa zaman içərisində inanılmaz işlər görülmüşdür. Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır.

Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir.

Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.

ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.

Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.

Artıq hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.

Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır.

Çox sevindirici haldır ki, ixracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur.

Xarici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir.

Dövlət büdcəsi profisitlə icra olunuraraq vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Bütün nailiyyətlər heç kimdən bir manat dəstək almamayaraq yalnız Azərbaycanın daxili gücünün hesabına əldə olunmuşdur.

Azad edilmiş torpaqları da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra.

Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Azad edilmiş torpaqlarda indi böyük əkin işləri aparılır. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və bu il 50 min hektarda əkin aparılacaq.

Şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır.

Artıq Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir.

İşğaldan azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Cari ildə il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.

Hazırda Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür.

Keçən il işğaldan azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir.

Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Zəngəzur dəhlizi açılaraq Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.

Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir. Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaqdır. Laçın Beynəlxalq Hava Limanının inşası 2024-cü ilə planlaşdırılır. Cari ildə Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir.

Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən, Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcəkdir.

Ölkənin yol infrastrukturu surətlə şaxələnərək avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaqdır.

Şuşa şəhərinin içməli su layihəsi prioritetdir. Artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi.

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək.Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq bu ənənənə də bərpa olunub. TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.

Artıq Ermənistan bizim planlarımızı heç vaxt əngəlləyə bilməz. Azərbaycan bundan sonra da öz lideri ilə daha böyük qələbələrə imza atacaqdır. Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bizi qarşıda yeni uğurlar və qələbələr gözləyir.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə