Dmitri Solonnikov: “Rusiya kommunikasiyaların açılması üçün İrəvana təzyiqi artıracaq” - ŞƏRH
Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Caliber” analitik mərkəzinə Cənubi Qafqazdakı və postsovet məkanındakı vəziyyəti, həmçinin, gözlənilən prosesləri şərh edib. Şərhi oxucularımıza təqdim edirik.
“Moskva Bəyannaməsi Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığı, enerji sektorunda və nüvə enerjisində qarşılıqlı əlaqəni nəzərdə tutur və bu, gələcəkdə də davam edəcək. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında Bəyannamə Rusiyanın Ermənistanla Azərbaycan arasında seçim etməsi demək deyil. Moskva Bəyannaməsi ilk növbədə Cənubi Qafqazda əlaqələrin gücləndirilməsini, bütün tərəflərin maraqlarına uyğun olaraq regionun inteqrasiyasına və müasirləşməsinə imkan verəcək sabit institutların yaradılmasını nəzərdə tutur. Ona görə də Ermənistanla da inteqrasiya əlaqələri davam edəcək.
Digər tərəfdən, Rusiya güclü və iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanı, ölkəmizin siyasi və beynəlxalq fəal müttəfiqinə çevirmək üçün bütün səylərini əsirgəməyəcək. Rusiya, həmçinin, Ermənistanın Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa məcbur edən məqamlarla bağlı Azərbaycanla Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamədə göstərilən öhdəliklərini yerinə yetirməsi üçün bütün səylərini göstərəcək. Cənubi Qafqazın vahid nəqliyyat regionuna çevrilməsi son dərəcə vacibdir. Bunun üçün Rusiya, bir tərəfdən, Ermənistandan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı tələbləri yerinə yetirməsini qətiyyətlə tələb edəcək, digər tərəfdən öz yardımını və Rusiya şirkətlərinin logistik tikinti layihələrində iştirakını, maliyyə dəstəyini, və s. Bir sözlə, Rusiya regionda gedən proseslərə siyasi və iqtisadi təsir göstərəcək.
Bununla belə, mən hələlik Rusiya, Azərbaycan və Türkiyənin mərhələli hərbi-texnoloji yaxınlaşmasından danışmazdım. Daha doğrusu, söhbət Rusiya ilə Azərbaycanın yaxınlaşmasından gedir. Bakı-Ankara-Moskva üçbucağında hərbi-texniki əməkdaşlıqdan danışmaq hələ tezdir. İndi regionda təhlükəsizlik sisteminin yaradılması vacibdir. Təbii ki, həm Rusiya, həm Azərbaycan, həm də Türkiyə bunda maraqlıdır, çünki bizim ümumi vəzifəmiz logistik nəqliyyat-kommunikasiya əlaqəsi yaratmaq, Zəngəzur dəhlizinin normal fəaliyyətini təmin etmək, Rusiyanın Türkiyəyə və Aralıq dənizinə də daha rahat çıxış imkanlarını təmin etməkdir. Eyni zamanda Türkiyənin Rusiya bazarlarına, Xəzər dənizinə çıxışını. Hər üç ölkə regionun əlaqələrinin artırılmasında maraqlıdır. Moskva və Şuşa bəyannamələrinin mahiyyəti də bundan ibarətdir”,- deyə rusiyalı ekspert davam edib.
Dmitri Solonnikovun fikrincə, Rusiya-Türkiyə münasibətləri müəyyən dərəcədə geosiyasi vəziyyətdən asılı olacaq.
“Hazırda dünyada çətin geosiyasi proseslər gedir və Türkiyə Qərb blokunda müttəfiqləri qarşısında öz öhdəlikləri olan NATO-nun üzvüdür. Digər tərəfdən, Türkiyə mümkün olduğu qədər Rusiyaya da maksimum dəstək verməyə davam edir. Məsələn, Türkiyə Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinə səs verib, Ukraynadakı problemin sülh yolu ilə həlli üçün maksimum səy göstərir. Aydındır ki, Türkiyə Rusiyaya münasibətdə indiki şəraitdə mümkün qədər bir-birini tamamlayıcı şəkildə davranır. Türkiyə Qara dəniz regionunda sülh gündəminin formalaşmasında da fəal iştirak edən Ukraynada stabil hökumətin yaranmasında da maraqlıdır. Orada normal maliyyə əməkdaşlığı yaranan kimi Türkiyə bundan ancaq qazanacaq.
Əgər bütövlükdə Cənubi Qafqazda gedən proseslərdən danışsaq, o zaman gələcəkdə region beynəlxalq, siyasi, maliyyə və iqtisadi arxitekturanın bütün modelinin nə dərəcədə dağılacağından asılı olacaq. Birmənalı şəkildə deyə bilmərik ki, biz indi dünyanın parçalanmasının hansı səviyyəyə çatacağını təsəvvür edirik. Birincisi, bəzi Qərb ölkələri tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, Moskva da əks sanksiyalar tətbiq edir, ikincisi, bir sıra beynəlxalq təşkilatlar sıradan çıxacaq və biz bu prosesin harada dayanacağını bilmirik. Dünya onsuz da ən yaxşı vəziyyətdə deyildi, xüsusən də son iki ilin koronavirus məhdudiyyətləri fonunda, bir sıra maliyyəçilər Yamayka razılaşması ilə maliyyə institutlarını tənzimləyən müqavilələrinin köhnəldiyini və işləmədiyini söylədilər və onlara yalnız bir səbəb lazım idi- onları ləğv etmək. Dünya qeyri-sabitlik vəziyyətində idi və onu hazırkı işlək olmayan beynəlxalq sistemin dağıdılmasına yönəltmək üçün bir növ tətik lazım idi. İndi sual budur ki, Cənubi Qafqaza da təsir edəcək bu sökülmə hansı səviyyədə olacaq, orada yeni dövlətlərarası münasibətlər sistemi necə qurulacaq və buna uyğun olaraq regionun dünya ilə əlaqəsini tənzimləyən yeni qayda necə qurulacaq. Rusiya isə bu proseslərdə ən fəal iştirak edəcək. Ümid edək ki, bütün bunlar xalqlarımızın- Rusiya və Azərbaycanın xeyrinə olacaq”,- deyə Dmitri Solonnikov yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB