“Büdcədə kənd təsərrüfatına xüsusi önəm verilir” KOMİTƏ SƏDRİ ŞƏRH EDİB

“Büdcədə kənd təsərrüfatına xüsusi önəm verilir” KOMİTƏ SƏDRİ ŞƏRH EDİB

2022 - ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat məbləğində, əvvəlki illə müqayisədə 5,8 faiz çox vəsaitin ayrılması aqrar sektorun inkişafına göstərilən diqqətin ifadəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komirəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi nəzərə alınmış, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 456,0 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da əvvəlki illərdən xeyli çoxdur.

“Həmin vəsait fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərən sahələrin hər hektarına görə verilən, əkin subsidiyasına əlavə olaraq verilən məhsul, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi məqsədilə proqnozlaşdırılıbdır. Əlbəttə bu güzəştlərin edilməsi aqrar sektor üçün yeni imkanlar yaradır və heyvandarlığın, toxumçuluğun inkişafına təkan verəcəkdir.

Dövlət büdcəsi hesabına kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı məqsədilə yetişdirilən və saxlanılan heyvanların sığortası üzrə vəsaitin ayrılması və artırılması da müsbət haldır. Kənd təsərrüfatı sahəsində strateji hədəflərə nail olmaq məqsədilə 15 subproqram və 37 tədbiri özündə birləşdirən 5 proqramın maliyyələşdirilməsi günün tələbi olmaqla bərabər, həm də dövlətin gələcəyə aydın baxışı kimi qiymətləndirilməlidir. Su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, suvarma sahələrinin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və digər meliorasiya tədbirləri ilə bağlı vəsaitlərin artırılması gələcək inkişafa zəmin yaradır. Ümumiyyətlə, kənd təsərrüfatı ilə bağlı vəsaitlərin ayrılması günün reallıqlarını əks etdirir və iqtisadiyyatımızın davamlılığının göstəricisidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə