İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mətbuat konfransı keçirilib - YENİLƏNİB

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mətbuat konfransı keçirilib - YENİLƏNİB

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi mövzusunda mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəbərliyi ilə ölkədə reallaşdırılan dərin və kompleks iqtisadi islahatlar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qlobal miqyasda təsdiq olunmuş və Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi qəbul edilib: "Böyük fəxr hissi ilə bildiririk ki, müvafiq addımların interaktiv davamı olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən Azərbaycandakı "İqtisadi İslahatların İdarəedilməsi Modeli" nümunəvi innovativ təcrübə kimi rəsmən qəbul olunub. OECD tərəfindən Azərbaycan İqtisadi modelinə verilən yüksək qiymət ölkəmizin beynəlxalq imicini daha da yaxşılaşdıracaq, investor inamını artıracaq və beynəlxalq və regional miqyaslı layihələrin həyata keçirilməsində mövqelərimizi gücləndirəcək. Bu həm də post- konfilikt quruculuğu və regional inkişafda Azərbaycanın aparıcı roluna əlavə bir stimuldur".

Daha sonra İİTKM-nin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibova deyib ki, "İqtisadi İslahatların İdarəedilməsi Modeli"nin innovasiya təbiəti kimi çeviklik, məsuliyyətlilik, inklüzivlik proqnozlaşdırma və qlobal istifadəni özündə birləşdirən xüsusiyyətlər nümunəvi təcrübə kimi müsbət qarşılanıb: "Həmçinin, OECD-nin müvafiq platformasında ən yaxşı innovativ layihələr yayımlanır və burada əsas üstünlük Böyük Britaniya, Kanada və ABŞ kimi ölkələrə məxsusdur. Bu baxımdan ölkəmizdə iqtisadi islahatların ən nüfuzlu təşkilatlarından biri olan OECD tərəfindən innovativ təcrübə kimi qəbul edilməsi ölkəmizin günbəgün yüksələn nüfuzunun daha da artmasına xidmət edəcəkdir".

"İqtisadi İslahatların İdarəedilməsi Modeli"nin OECD-yə təqdim edilmiş təqdimat çərçivəsində nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi üçün 2019-cu ildən müvafiq qurum ilə danışıqlar və müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, Model OECD-nin "Dövlət Xidmətlərində İnnovasiyaların Observatoriyası" platformasında nümunəvi innovativ təcrübə kimi rəsmi olaraq yayımlanıb. (Keçid: https://oecd-opsi.org/innovations/economic-reforms-governance-model/).

OECD-nin rəsmi platformasında yayımlanan məlumatlarda Modelin vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin layihələndirilməsi və çatdırılması, islahatların aparılmasında əldə olunmuş nailiyyətləri təqdim olunub. Belə ki, Modelin yenidənqurma prosesində özəl sektor və sivil cəmiyyətin rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə çağırışlarının aradan qaldırılması, dövlət xidmətlərində şəffaflıq səviyyəsinin daha da yüksəldilməsi və rəqəmsal dövlət xidmətlərinin İnkişaf etdirilməsi kimi məsələlərdə rolu barədə məlumatlar qeyd olunub.

Əlavə olaraq, Model haqqında ümumi məlumatlar göstərilmiş və nümunəvi innovativ təcrübə olaraq "azranking.az" portalında 19 işçi qrupu arasında kommunikasiyanın mərkəzləşdirilməsi məqsədi ilə "Rəqəmsal Kommunikasiya Platforması"nın yaradıldığı, inklüziv əməkdaşlıq mühitinin yaradılması üçün "Rəqəmsal Təqvim"in təsis edildiyi və beləcə qəbulu prosesində ictimai iştirakçılığın və inklüzivliyin təmin edilməsi kimi müsbət tərəfləri vurğulanıb.

"İqtisadi İslahatların İdarəedilməsi Modeli"nin kommunikasiya platformasının olması, platformanın ictimaiyyətdən asanlıqla rəy və ideya qəbul etməyə açıq olması, islahatlarla bağlı qərarların qəbulu üçün analitik informasiya dəstəyi aparılmasının asanlaşdırılması məqsədilə bençmarkinq alətinin mövcudluğu, institusional çərçivə əsasında qurumlar arasında idarəetmə qabiliyyətinin artırılması, əməkdaşlıq və vahid kommunikasiya mənbələrindən istifadə üçün imkanların olması kimi özəlliklər barəsində ətraflı məlumatlar qeyd edilib.

Müvafiq Model çərçivəsindəki proseslərin implementasiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən birgə həyata keçirilib.

İLK XƏBƏR 11:10

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi barədə mətbuat konfransı keçirilir. SİA məlumat verir ki, konfransda Vüsal Qasımlı və departament rəhbəri Ayaz Müseyibov çıxış edəcəklər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə