Müstəqillik tarixinin ən böyük büdcəsi - TƏHLİL

Müstəqillik tarixinin ən böyük büdcəsi - TƏHLİL

2022-ci il üzrə büdcə-vergi siyasəti çərçivəsində dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın davamlılığının dəstəklənməsi nəzərdə tutulur ki, bu da “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Yəni, parlamentin müzakirəsində olan 2022-ci ilin dövlət və icmal büdcələri büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb.

Gələn ilin büdcəsinin 30 illik müstəqillik tarixinin ən böyük büdcəsi olduğu günün reallığıdır və elə ən çox diqqəti çəkən məqam da məhz bundan ibarətdir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə çox böyük vəsaitlərin xərclənməsinə baxmayaraq, indi təqdim olunan büdcənin məbləği öz-özlüyündə Azərbaycan dövlətinin və iqtisadiyyatının qüdrətini, eləcə də dayanıqlığını təsdiq edir.

Təbii ki, büdcə siyasətinin ana xəttini makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi artımın və sahibkarlığın inkişafını dəstəkləyən, əhalinin həssas qruplarının, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyasının davam etdirilməsi, “Böyük qayıdışın” təmini və ölkənin müdafiə qabiliyyətinin artırılması kimi tədbirlər təşkil edəcəyi bəllidir. Bu siyasətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim prioritet hədəf kimi diqqətdə saxladığı əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi inkişafın stimullaşdırılması üçün maliyyə təminatının yaradılmasına xidmət edəcəyi təkzibedilməzdir.

Heç şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdışın büdcədə prioritetdə saxlanması, rayonların özünü maliyyələşdirməsi kimi müsbət tendensiyalar nəzərə alınır. Müharibədən sonra büdcənin tarazlı olması, büdcədə iqtisadi artımın stimullaşdırılması, əhalinin sosial müdafiəsi, əməkhaqlarının artırılması, hərbi qüdrətin möhkəmləndirilməsi kimi tədbirlərə kifayət qədər vəsaitin nəzərdə tutulması sözsüz ki, müsbət qiymətləndirilməlidir.

Qeyd etmək yerinə düşərdi ki, büdcə layihəsində vacib prioritetlərdən biri sosial layihələrdir, hansıki, cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Diqqətə çatdıraq ki, sosial sahəyə ayrılan vəsaitin məbləği 13,5 faiz artırılacaq ki, bunun da əhalinin rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcəyi heç cür təkzib edilə bilməz. Nəzərə almaq lazımdır ki, sosial sahəyə ayrılan vəsaitin də 60 faizi əməkhaqlarının ödənilməsinə yönəldiləcək. Xatırladaq ki, sosial müavinətlərin, pensiyaların artırılması nəzərdə tutulub və bunun da sosialyönümlü olduğu bəlli məsələdir.

Büdcə ilə bağlı məsələlərlə əlaqədar olaraq Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayevə bu barədə fikirlərini bildirməsi üçün müraciət etdik. Komitə sədri məsələyə geniş şəkildə aydınlıq gətirdi:

“Gələn ilin büdcəsi, büdcə layihəsinin müzakirəsi əvvəlki illərdən çox fərqlidir. Çünki, biz gələn ilki büdcəni Zəfər bayramımızın qeyd olunduğu bu günlərdə müzakirə edirik və bu bizdə qürur doğurur. Əlbəttə ki, büdcə əhatəlidir, reallıq, həyati faktları özündə əks etdirir və gələn ilin büdcəsi əvvəllki illərin büdcəsindən xeyli miqdarda artıqdır, bildiyimiz kimi 30 milyard manata yaxın həcmdədir. Əvvəlki illərdə olduğu kimi, gələn ilin büdcəsi də sosialyönümlüdür. Artıq üç gündür büdcənin komitələrdə müzakirəsi gedir, millət vəkilləri, nazirlər, şirkət rəhbərləri, müvafiq orqanların rəhbərləri büdcə layihəsi ilə əlaqədar öz fikirlərini, qarşıda duran vəzifələri geniş şərh edirlər və bu ictimaiyyətə çatdırılır. Büdcə xərclərinin 46 faizindən çoxu sosialyönümlü xərclərdir. Bu, fərəhləndiricidir. Əlbəttə ki, 2022-ci ilin dövlət büdcəsində bütövlükdə, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti xərclərinin əvvəlki illə müqaisədə 7,1 faiz artımı büdcənin bir daha sosialyönümlü olduğunu göstərir.

Sözsüz ki, əvvəllər də səhiyyəyə, təhsilə, sosial müdafiəyə, sosial təminata büdcədə əhəmiyyətli yer ayrılırdı və bu büdcədə də bu amillər, bu vəzifələr dəqiq müəyyənləşdirilib və sosial yönümlü xərclər xeyli artırılıb. Əlbəttə ki, büdcədə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların vəzifə maaşlarına xüsusi əlavələrin edilməsi təqdirəlayiq haldır. Çünki, bizim müdafiə qüdrətimiz, milli təhlükəsizliyimiz nə qədər möhkəm olarsa, Azərbaycan xalqı bir o qədər firavan, qorxusuz həyat keçirə bilər. Həm də burada ərazilərdə xidmət edən hərbi qulluqçuların vəzifə maaşının artırılması da hərbçilərimziə göstərilən qayğının, diqqətin bir təzahürüdür və elə bilirəm belə də olmalıdır. Layihədə sosial xarakterli güzəştlər vasitəsi ilə əhaliyə vergi yükünün azaldılması və bu azaldılmaların daha çox Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda aparılan əməliyyat nəticəsində əlil olmuş hərbi qulluqçulara şamil edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara diqqətindən irəli gəlir, əlbəttə ki, bu da bizim ürəyimizcədir.

Sözsüz ki, bu gün işğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmışdır ki, bu da günün reallıqlarını əks etdirir və bilirik ki, artıq həminərazilərdə böyük, möhtəşəm, dinc quruculuq işləri aparılır və büdcədən də bunun üçün istənilən vəsait ayrılıb. Mən elə bilirəm ki, gələcəkdə əgər büdcəyə əlavələr daxil olarsa, həmin vəsait artırıla bilər. Çünki, bu gün işğaldan azad olunmuş torpaqların bərpası və tez bir zamanda həmin regionların sakinlərinin öz doğma ata-baba yurdlarına qayıtması dövlətin birinci dərəcəli vəzifəsi hesab olunur və cənab Prezident, hörmətli İlham Əliyev bütün tədbirlərdə, bütün görüşlərdə və çıxışlarında vətəndaşların öz yurdlarına qayıtmasını ən böyük vəzifə və dövlətin qarşısında duran bir öhdəlik kimi qiymətləndirir.

Büdcədə bir milyard manata yaxın vəsait aqrar sektorun inkişafına, aqrar sahəyə ayrılıb. Bu çox yaxşı haldır və işğaldan azad olunmuş torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə əlaqədar həmin ərazilərdə meliorativ tədbirlərin həyata keçirilməsi, torpaqların yararlaşdırılması, həmin ərazilərdə su təminatının həyata keçirilməsi vacib olduğu üçün dövlət öz büdcəsindən bu vəsaitlərin ayrılmasını zəruri hesab edibdir. Bu gün kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır və son illərdə bu sahədə ölkə rəhbərinin başçılığı ilə çox mühüm tədbirlər həyata keçirilmiş, bir çox proqramlar, layihələr qəbul edilmiş, onların aqrar sektora yönəldilməsi həm kənd təsərrüfatının inkişafına, həm də işsizliyin aradan qaldırılmasına, insanların maddi həyat şəraitinin daha da yaxşılaşdırılmasına imkan verir. Bu gün ölkədə kənd təsərrüfatının inkişafı zəruri bir sahə sayılır. Əlbəttə ki, bunun üçün təminatlar yaradılıb və hər il həyata keçirilən bir çox əsaslı tədbirlər bilavasitə bu sahənin inkişafı ilə əlaqədardır. İstər pambıqçılığın, istər taxılçılığın, istər hehvandarlığın, istərsə də digər tədbirlərin vaxtında görülməsi ölkədə aqrar sahənin inkişafına zəmin yaradıbdır. Əlbəttə ki, dövlət budcəsində də bu sahə ilə əlaqədar vəsaitlərin artırılması günün tələbindən irəli gəlir və elə bilirəm ki, təqdir olunmalıdır. Çünki, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil ediləcək, digər tərəfdən həmin regionlarda heyvandarlığın, arıçılığın, kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün zəruri tədbirlər həyata keçirilməlidir ki, bu da bilavasitə xərclər tələb edir.

Əlbəttə ki, büdcənin yüksək səviyyədə hazırlanması və onun qəbul olunması xalqın xoşbəxt həyatı, firavanlığı üçün vacibdir. Bütün burada vəzifələr, istiqamətlər müəyyən olunub və əlbəttə ki, müəyyən problemlər var ki, o problemlərin bu gün köklü surətdə aradan qaldırılması üçün külli miqdarda dövlət vəsaiti tələb olunur. Ancaq elə bilərəm ki, bizim hər birimiz bir vətəndaş kimi reallıqları düzgün qiymətləndirməliyik.

Digər tərəfdən, əgər 44 günlük müharibə, eləcə də pandemiyanın doğurduğu çətinliklər Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmadısa və əhalinin böyük çətinliklərinə səbəb olmadısa, deməli Azərbaycan iqtisadiyyatı güclüdür və Azərbaycan büdcəsi öz istiqamətlərini düzgün müəyyən edibdir. Sözsüz, pandemiya ilə əlaqədar burada səhiyyə sahələrinə müəyyən vəsaitlərin artırılması günün tələbidir və bu reallıqlardan irəli gəlir. Bilirik ki, ölkədə son zamanlar 700-dən artıq xəstəxanalar tikilib, modul tipli xəstəxanalar quraşdırılıb və pandemiya dövründə ciddi çətinliklərin yaranmaması da, ciddi faktlar qarşısında qalmamağımız da, bilavasitə vaxtında həmin həstəxanaların yaradılması da bizə imkan verdi ki, bu xəstəliyi müəyyən qaydada aradan qaldıraq və qabaqlayıcı tədbirlər görülsün.

Tibbə, təhsilə ayrılan xərclərin artırılması sözsüz ki, həm insanların sağlamlığı üçün, həm də əhalinin savadlandırılması baxımından çox vacibdir. Həm də burada müəyyən məsələlər var. Məsələn, səhiyyə sahəsində, təhsil sahəsində, tələbə kreditlərinin verilməsinə ayrılan vəsaitlərdə də qənaətbəxşdir. Digər tərəfdən, burada büdcədə dövlət xərcləri ilə oxuyan tələbələrin sayının artırılması da nəzərdə tutulur ki, bu tələbələrin oxuması bilavasitə dövlətin xərcləri hesabına təmin olunacaq.

Demək istəyirəm ki, bu büdcə layihəsi çox mükəmməl hazırlanıb və yenə deyirəm, bütün reallıqlar büdcədə öz əksini tapıb. Ona görə də millət vəkilləri büdcənin müzakirəsi zamanı bir çox məsələləri qaldırmaqla bərabər, həm də bu büdcəyə çox yüksək qiymət verdilər. Əlbəttə ki, bur millət vəkili kimi mən də büdcənin müzakirəsi zamanı öz fikirlərimi bildirmişəm, demişəm. Mən büdcədə şərh olunan müddaları müsbət qiymətləndirirəm və elə bilirəm ki, gələn ilin büdcəsi ölkənin sosial-iqtisadi, mədəni həyatının inkişafı üçün perspektivlər açacaq və Azərbaycan xalqı bu büdcədən lazımınca faydalanacaq.”

Göründüyü kimi, gələn ilin büdcəsi öz əhatəliliyi baxımından da fərqlənir və bütün sahələri əhatə etməklə çox geniş miqyaslıdır. Bu isə o deməkdir ki, növbəti ilin büdcə layihəsi əvvəlkilərdən həqiqətən də daha mükəmməl hazırlanıb. Bütün reallıqların orada öz əksini tapması da bunu bir daha təsdiq edir. Sözsüz ki, belə mükəmməl hazırlanan büdcə layihəsindən də vətəndaşlarımızın, Azərbaycan vətəndaşlarının faydalanacağı zərrə qədər şübhə doğura bilməz. Çünki, görünən odur ki, növbəti ilin büdcəsi ölkəmizin inkişafı üçün geniş spektrda böyük perspektivlər vəd edir.

Əlbəttə ki, büdcə layihəsində sosial-iqtisadi məsələlərə yer verildiyi göz qabağındadır. Məhz bu baxımdan da növbəti ilin büdcə layihəsi ilə əlaqədar məsələrə aydınlıq gətirməsi, bunu şərh etməsi üçün millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramova müraciət etdik. İqtisadçı-ekspert çox maraqlı məsələlərə diqqəti cəlb etdi və bir sıra məqamlara da aydınlıq gətirdi:

“2022-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcədir. Beləki, büdcənin gəlir və xərclərində 2021-ci illə müqaisədə artımlar nəzər alınıb. Bütövlükdə 2022-ci ildə makroiqtisadi göstəricilərin 2021-ci ildə olduğu kimi artım tempi üzrə davam edəcəyi proqnozlaşdırılır. Nəzərə alaq ki, 2022-ci ildə ümumi daxili məhsulda 3,9 faiz artım proqnozlaşdırılır, eyni zamanda qeyri-neft sektorunda daha yüksək artımların olacağı gözlənilir. 2021-ci ili Azərbaycan iqtisadiyyatı 5 faiz böyümə ilə başa vuracaq. Bu baxımdan proqnozlar nikbindir.

Eyni zamanda büdcənin xərclər strukturuna diqqət yetirsək, 2022-ci ildə büdcə xərclərinin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Bu isə ondan xəbər verir ki, büdcədən ayrılan hər 100 manatın 40 manatdan artığı məhz sosial sferaya xərclənəcək. Bu da təbii ki, 2022-ci ilin dövlət büdcəsinin sosialyönümlü olacağından xəbər verir.

Əlavə olaraq 1,4 milyard manatlıq sosial paket təsdiq olunacaq. Bu isə təbii ki, əməkhaqqı, pensiya və müavinatlarda artımların olacağından xəbər verir. İlkin qiymətləndirmələr görə, sosial paket orta hesabla 20-40 faiz intervalında artımlara gətirib çıxaracaq.

Eyni zamanda gələn il işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurulması da prioritetdir. Bu istiqamətdə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bütövlükdə 2021 və 2022-ci illərdə bərpa və yenidənqurma üçün 4,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə ondan xəbər verir ki, bərpa və yenidənqurma intensiv şəkildə həyata keçirilir və növbəti illərdə də bu proses davam etdiriləcək.

Eyni zamanda, eləcə də 2022-ci ilin dövlət büdcəsindən fərqli istiqamətlər, o cümlədən təhsil, səhiyyə, müdafiə istiqamətinə ayrılan vəsaitlərin həcmində də artımların olacğı proqnozlaşdırılır. Praktik olaraq demək olar ki, büdcənin bütün maddələri üzrə biz artımların olacağını görəcəyik. Çünki, bir tərəfdən qeyri-neft sektoruna daxilolmalar yüksəkdir, artır. Digər tərəfdən də neftin dünya bazar qiyməti də büdcədə neft sektoru üçün nəzərdə tutulan cəlbedilmələrin, eləcə də transferlərin reallaşmasına imkan yaradır. Ona görə də 2022-ci ilin dövlət büdcəsi sosial, iqtisadi və digər istiqamətlərə ayrılan vəsaitlərin həcminin artırılması ilə yadda qalacaq.
Büdcədə neftin qiyməti 50 dollar nəzərdə tutulub. Bu da konservativ qiymətdir. Məqsəd də ondan ibarətdir ki, neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq, hətta neft bazarında potensial dalğalanmalardan dövlət büdcəsini sığorta etmək mümkün olsun. Bu da büdcə gəlirlərinin reallığı baxımından vacibdir. O baxımdan Azərbaycan növbəti il müstəqillik tarixinin ən böyük büdcəsini formalaşdırıb icra edəcək.”

Həqiqətən də 2022-ci ilin büdcə layihəsinə nəzər saldıqda əmin oluruq ki, proqnozlar nikbindir və gözləntilər də çox böyükdür. Layihələrin sosialyönümlü olması ilə yanaşı, əmək haqlarının, müavinətlərin, pensiaların və bir sıra ödənişlərin artımı həqiqətən də çox təqdirəlayiqdir. Əbəs yerə deyil ki, növbəti ilin büdcə layihsi cəmiyyətimizdə çox yüksək qarşılanır. Vətəndaşlar növbəti ildə rifah halının daha da yaxşılaşdırılacağına əmindirlər və digər tədbirlərin belə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyin təminatına hesablandığının fərqindədirlər.

Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurulması da prioritet olaraq qalır. Əslində, 30 ilə yaxın müddətdə yurd-yuvalarından didərgin düşmüş insanların öz ata-baba torpaqlarına qayıtması istiqamətində, “Böyük Qayıdış” istiqamətində görülməsi nəzərdə tutulan işlər və bunun büdcədə əhəmiyyətli dərəcədə nəzərə alınması da təsdiq edir ki, dövlətimiz üçün vətəndaş amili birinci dərəcəlidir. Yəni, bütün işlərdə, görülən və planlaşdırılan tədbirlərdə ilk növbədə Azərbaycan vətəndaşı nəzərə alınır. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun yaradılması da, komunal təchizatın təmin edilməsi də, müxtəlif obyektlərin təməlinin qoyulması və Füzuli Beynəlxalq Hava Limanının timsalında bir çoxlarının istifadəyə verilməsi də Azərbaycan vətəndaşı, onun yaşayış şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin, rahatlığının təmin edilməsi üçündür ki, bunu hər kəs çox yaxşı başa düşür və qiymətləndirir.

Əslində, tarixi faktlar da təsdiq edir ki, qalib və ya məğlub olmasından asılı olmayaraq ölkələr müharibədən çıxdığı zaman ən azından iqtisadi böhranla üzləşməli olurlar, amma ölkəmizdə müharibədən dərhal sonra quruculuq işlərinə başlanılması, həmçinin dövlət büdcəsində sosialyönümlü tədbirlərin geniş miqyasda yer alması əvvəla onu göstərir ki, ölkəmiz həqiqətən də iqtisadi, siyasi cəhətdən çox qüdrətlidir. Yəni, qalib və ya məğlub tərəf olmasından asılı olmayaraq müharibənin ən azından maddi baxımdan itgisiz başa gəlmədiyi danılmazdır və bu fonda Azərbaycanın müharibə bitdikdən sonra dərhal, özü də öz gücü hesabına quruculuq işlərinə başlaması onun qüdrətindən xəbər verir və bunu bütün dünya çox yaxşı dərk edir. Digər tərəfdən isə ölkənin sosial yönümlü tədbirlərə üstünlük verməsi, büdcədə bunun üçün əhəmiyyətli dərəcədə yer ayılması ümumiyyətlə, diqqətdən yayınan deyil. İndi bütün dünya ictimaiyyəti fərqindədir ki, ən qabaqcıl ölkələr döyüşsüz, müharibəsiz belə pandemiyanın mənfi təzahürlərindən təsirləndikləri bir zamanda Azərbaycan bir də üstəlik müharibəni zəfərlə başa vurur, dərhal quruculuq işlərinə başlayır, üstəlik büdcə layihəsində sosial yönümlü tədbirlərə xüsusi yer ayırırsa, deməli, bu qalib ölkənin qüdrətinə, gücünə şübhə edilməz. Özü də sadalanan məqamların ardınca gələn ilin, 2022-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixində ən böyük büdcəsi olması daha böyük əminlik yaradır və həqiqətən də tıqdirəlayiqdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə