"Jirinovski bu gün yenə sərsəm fikirlərini səsləndirir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Jirinovskinin, çıxışlarının bir neçə səbəbləri var. Bu səbəblər həm daxili, həm də xarici faktorlardan qaynaqlanır. Daxili faktor kimi Rusiyanın yaxınlarda gözlənən Duma seçkilərini göstərmək olar. Bilirik ki, Dumada təmsil olunan fraksiyaların içində deputat sayı çox olan partiyalardan biri məhz Jirinovskinin partiyası olan Liberal Demokrat Partiyasıdır. Ümumiyyətlə, Rusiyanın daxili siyasətində belə bir amil var ki, xarici faktorlardan istifadə etməklə daxili auditoriyada manipulyasiya yaradılsın, bununla da seçkilərdə səs çoxluğu qzanılsın. Bu məsələnin birinci daxili tərəfidir. Məsələnin digər tərəfi isə daxili faktorlara əsaslanır". Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya dövlət sistemi xaricə hesablanmış hər hansı bir addımları dövlət məmurlarının əli ilə deyil də mümkün qədər ya vətəndaş cəmiyyətinin nümayəndələri, yaxud da müxalifət liderlərinin əli ilə verir: "Hesab edirəm ki, Rusiya Liberal Demokrat Partiyasının liderini ortaya atmaqla öz fikirlərini həm daxili, həm də xarici auditoriyaya çatdırmaq istəyir. Son zamanlar Jirinovskinin bəyanatları ilk deyil. Jirinovski özünün deyil də başqasının sözünü deyir. Çünki Jirinovski dəfələrlə Azərbaycana və azərbaycanlılara qarşı sərsəm bəyanatlar və təhqiramiz fikirlər səsləndirib. Məsələ burasındadır ki, əvvəlki dövrlərdə biz buna o qədər də reaksiya verməmişik. Bəlkə elə onun nəticəsidir ki, bu gün yenə o sərsəm fikirlərini səsləndirir”.

“Burada Rusiyanı narahat edən faktorlardan biri də Türkiyədir. Çünki Türkiyə ilə Azərbaycan arasında sıx siyasi-iqtisadi əlaqələr yaradılır. 15 iyunda imzalanmış Şuşa müqaviləsi və 29 iyulda imzalanan Bakı bəyannaməsi Azərbaycan Türkiyə arasındakı əlaqələrin necə dərin köklərə əsaslandığını özündə göstərib”-deyən politoloq, Jirinovskini narahat edən elə budur deyib.

Samir Hümbətov Jirinovskinin narahatçılığı əslində Rusiyanın narazılğıdır deyə bunları qeyd edib: “Mən son zamanlar Jirinovskinin çıxışlarına baxanda diqqət etdiyim məqamlardan biri Rusiyada yaşayan türk əsilli xalqlardır. Onlardan çox narahatdır, onları Rusiya üçün ciddi təhlükə hesab edir. Hətta ərazilərin adlarını çəkir Başqırdıstan, Tatarıstan, Saxa Yaqutyaya qədər gedib çıxır. Jirinovskini narahat edən məsələlər bunlardır. Əslində bu Jirinovskini yox, Rusiyanı narahat edir. Demək istəyirəm ki, bu tip faktorlar Jirinovskini deyil, indi Jirinovskiyə bu sözləri dedizdirənləri ciddi narahat eləməyə başlayıb ki, bu gün onun vasitəsi ilə məhz bu tip bəyanatlar verməyə çalışırlar”.

Politoloq Azərbaycanın tədbir görməsinin vacibliyini belə açıqlayıb: “Belə hesab edirəm ki, bununla bağlı Azərbaycanın özünün konkret tədbirləri olmalıdır. Rusiyaya təkcə, nota verməklə kifayətlənmək lazım deyil. Hesab edirəm ki, burada həm açıq şəkildə nota verilməlidir, həm də Jirinovsikinin Azərbaycana gəlişinə qadağa qoyulmalıdır. Həm də Rusiyaya bununla bağlı Jirinovskiyə qarşı tədbir görməsi üçün tələblər irəli sürülməlidir. Belə açıqlamalar tək Azərbaycana yox hansı ölkəyə səslənirsə, bu həmin ölkənin suverənliyinə təhdid sayıla bilər. Mən həmçinin hesab edirəm ki, bu cür açıqlamalar iki ölkə arasında əlaqələrin zəifləməsinə gətirib çıxara bilər. Görünən odur ki, Jirinovski heç də narahat deyil ki, orda iki milyondan çox azərbaycanlı yaşayır. Bu məsələlərin hamısına Azərbaycan dövləti nəzarət etməlidir. Bu cür sərsəm bəyanatlara qarşı öz etirazını açıq şəkildə bildirməlidir. Əgər tədbir görülməsə, gələcəkdə bu tip sərsəm çıxışlar arta bilər. Bu da gələcəkdə bir dövlət kimi suverənliyimizə təhdid ola bilər. İki ölkə arasında əlaqələr də tamamilə sıradan çıxa bilər”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə