Qarabağ iqtisadi zonası ixrac potensialımızı daha da artıracaq Ekspert
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, bu fərmana uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi və s. kimi səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir.
Məsələ barəsində açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadı aktivliyin yaradılması üçün kənd təsərrüfatı ən əlverişli sahəsidir. Çünki o ərazilərdə digər iqtisadi sahələrin inkişafı üçün daha mürəkkəb və hərtərəfli infrastrukturun qurulmasına ehtiyac var. Amma kənd təsərrüfatı isə elə sahədir ki, torpaqların minalardan təmizlənməsindən sonra bu istiqamətdə işlərə tədricən başlamaq olar.
Ekspert bildirib ki, bir müddət əvvəl cənab Prezident o ərazilərdə 13 avtomatlaşdirilmiş hidroloji stansiyaların yaradılması ilə bağlı göstərişlər vermişdir. Bu göstərişin məqsədi ilk növbədə kənd təsərrüfatına xidmət, o istiqamətdə uğurlu fəaliyətə daha yaxşı olmaq idi. Çünki susuz kənd təsərrüfatı yoxdur. Bu sahənin inkişafı üçün sıfır nöqtə sudur, hər şey ordan başlayır. Ona görə də avtomatlaşdirilmiş hidroloji stansiyalar regionun su balansının qorunmasına, su ehtiyatlarının tənzimlənməsinə, su çatışmazlıqları ilə qarşılaşma ehtimallarının əvvəlcədən müəyyən edilməsinə və problemin yaranmasından öncə bunun qarşısının alınmasına imkan verəcəkdir. Eyni zamanda su elektrik stansiyalarının yaradılmasına şərait yaradacaq və bu da kənd təsərrüfatı üçün elektrik təminatının, eləcə də gələcəkdə yaradılacaq kənd təsərrüfatı üzrə emal sənayesinin enerjiyə olan təlabatının ödənilməsinə xidmət edəcəkdir: “Sözü gedən işlərin icrası zamanı qeyd etmək istədiyim daha bir vacib məqam o yerlərdə fəaliyyət üçün cəlb ediləcək təsərrüfat subyektlərinin bu sahədə təcrübəli olmasına, ən müasir texnoloji yenilikləri tətbiq etməsinə daha böyük önəm verilməlidir. Eyni zaman da mümkün qədər sahibkarların kənd təssərüfatında emal sənayesi sahələrinin yaradılma imkanlarına baxılmalıdır. Gələcəkdə məhsul həcmləri artıqdan sonra bu məhsullar emal proseslərinə cəlb edilməli və dəyər zəngiri daha da genişləndirilməlidir”.
Ekspert vurğulayıb ki, digər bir önəmli məsələ səlahiyyət sahiblərinin vəziyyətdən sui-istifadə edərək torpaqların bu və ya digər formada mənimsənilməsinə, qeyri-adekvat bölgüsünə imkan verilməməlidir. Əgər bütün işlər deyildiyi kimi gedərsə, sui-istifadə hallarına yol verilməzsə yaxın illərdə biz o torpaqların hesabına kənd təssərüfatı malları üzrə idxal səviyyəsini xeyli aşağı sala bilərik: “Məlumat üçün deyim ki, bu ilin ilk 3 ayı ərzində xarici ticarət dövriyyəsində 1,6 milyard dollarlıq bir müsbət saldo olsa da idxal məhsulları içində kifayət qədər kənd təsərüfatı məhsullarının çəkisi var. Biz bu ilin ilk 3 ayı ərzində 2.2%-lik artım olan kənd təsərrüfatı istehsalını daha da artırmaqla kənd təsərüfatı məhsullarının idxal asılılığını minimuma endirə bilərik. Eyni zamanda ixraca yönələn hissənin də həcmini artırmış olaraq. Bu isə xarici ticarət saldosunda daha böyük nəticələrin əldə olunmasına imkan verər. Toxunmaq istədiyim digər bir məsələ isə kənd təsərrüfatı üzrə fəaliyətin ilkin başlanmasından sonra avtomatik olaraq oralarda yaşayış məskənləri salınmağa başlayacaq. İdarəedicilərin, işçilərin və s. insanların özləri və ailələrinin orada yaşaması lazımdır. Demək bunun ardından onların uşaqları üçün məktəb və digər sahələrə aid məsələr gündəmə gələcək. Bu isə tədricən yaşayış məskənlərinin salınmasına gətirib çıxaracaq. Demək istədiyim odur ki, dövlət bu işləri də tam nəzarətdə saxlamalı, ya da əvvəlcə konkret planlar cızılmalıdır ki, təsərrüfat subyektlərinin özbaşına yaratdıqları yaşayış tikililəri sonra da yaşayış məskəninə çevrilib, o ərazilərin əsas planı ilə ziddiyyət təşkil etməsin və ya sonrakı illərdə digər böyük layihələrin icrasına mane olmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB